"Albaniyadan Madaqaskara qədər klub axtaracaqlar" - İlqar Məmmədovdan hərbi xidmət ÇAĞIRIŞI

 12:27 09.07.2026     539

"Hərbi xidmətə çağırış çox ölkədə heç də səbəbsiz yerə ləğv edilməyib. Düzdür, beynəlxalq gərginliyin artdığına görə indi o ölkələrdə çağırışın bərpasını istəyən səslər güclənib, amma hələ ciddi addım yoxdur və olacağı da hazırda şübhə altındadır".

Redaktor.az xəbər verir ki, bunu öz feysbuk səhifəsində siyasətçi İlqar Məmmədov yazıb.

O bildirib ki, futbolçularımızı dünya idman bazarına çıxarmaq istəyiriksə, hərbi xidmətlə bağlı məhdudiyyətlərin xarici klubların onlarla müqavilə bağlaması ehtimalını azaldacağını nəzərə almalıyıq.

Siyasətçinin fikrincə, indiki dünyada hərbi xidmətə çağırış ciddi mənəvi böhran keçirir və məhz buna görə hələ 50 il əvvəl Qərbdə onu əsasən ləğv elədilər. O, Rusiya-Ukrayna savaşı ilə əlaqədar yayılan çoxsaylı "adamqaçırma" videolarının da bu mənəvi böhranın dərinliyindən xəbər verdiyini qeyd edib.

Son günlər gündəmə gələn idmançı probleminə toxunan İ.Məmmədov yazıb:

"Bu gün bir azərbaycanlı futbolçunun Albaniyada oynadığı futbol klubuna qayıda bilməməsi haqda xəbərlər yayıldı. Hərbi xidməti keçmədiyi üçün onu ölkəmizdən buraxmırlar. İdman nazirliyi, AFFA və Qurban Qurbanov onu buraxmağı xahiş etsələr də... Belə bir fikir var ki, futbolçularımızı dünya idman bazarına çıxarmaq istəyiriksə, hərbi xidmətlə bağlı məhdudiyyətlərin xarici klubların onlarla müqavilə bağlaması ehtimalını azaldacağını nəzərə almalıyıq".

Siyasətçi çıxış yolunun necə olması barədə sual edərək, fərqli variantları təhlil edib:

"Bəs çözüm nə olsun? Xaricdə müqaviləsi olan futbolçulara çağırış şamil edilməsin? Onda çoxları Albaniyadan tutmuş Madaqaskara qədər klub tapıb müqavilə imzalayacaq, təki hərbi xidmətə getməsin. Yaxşı, futbolçu olmasın, olsun həndbolçu ya da yüngül atletika idmançısı. Onda necə? Onsuz da böyük sayda gəncimiz xaricdə təhsil adı ilə ölkədən gedib heç qayıtmır da. Onların xaricdə qalıb işləməsinin ölkəmizə yaşatdığı iqtisadi itkini hesablayan var?"

İlqar Məmmədov indiki zəmanədə gənc oğlanların həyatının 1 ilini məcburi hərbi xidmətdə keçirməsini tamamən məntiqsiz hesab edir.

O, çıxış yolu kimi Türkiyə modelini təklif edib: “Ölkəmiz peşəkar orduya tam keçənə qədər hələlik hərbi təlim üçün qısa və hissələrə bölünə biləcək müddətlər qoyulmalıdır. Məsələn, Türkiyədəki kimi, 6 ay ərzində yetərincə hərbi təlim almaq olar, hətta bu müddəti iki hissəyə bölməklə. Eyni vaxtda, Azərbaycanda tam peşəkar orduya keçid də sürətləndirilməlidir”.

Vumart və Güvən reklamı Vumart Güvən