"Yaxın saatlarda prosesə İsrail də qatılacaq" - Üzeyir Cəfərov

 14:07 14.07.2026     816

"ABŞ ilə İran arasında vəziyyət kritikləşib və tərəflər artıq Pakistanın moderatorluğu ilə imzalanmış memorandumdan imtina ediblər. Bunu Amerika Prezidenti Donald Tramp da bəyan edib və İran rəsmiləri də növbəti dəfə Trampa öz sərt münasibətlərini ifadə edərək ona inanmadıqlarını bildiriblər".

Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov ABŞ və İran arasında gərginləşən vəziyyətdən danışarkən qeyd etdi.

Onun fikrincə, ABŞ ilə İran arasında vəziyyət daha da gərginləşəcək:

"ABŞ öz hədəflərinə çatana qədər bu prosesi davam etdirəcək və görünən odur ki, yaxın saatlarda bu prosesə İsrail də qatılacaq. Çünki bir müddət bundan əvvəl İsraillə Amerika arasında münasibətlər soyumuşdu. Amerika Prezidenti qeyd edir ki, İsraillə münasibətlər əvvəlki qaydada davam edir. Yəni İran məsələsində onlar eyni mövqedən çıxış edəcəklər. Yəqin ki, İsrail də yaxın saatlarda İrana qarşı zərbələrdə yenə də aktiv şəkildə iştirak edəcək. Sözsüz ki, İran da Amerikaya bəzi ağrılar, acılar yaşadır. Yəni Yaxın Şərqdə Amerikanın hərbi bazalarına, hərbçilərinin olduğu məkanlara zərbələr endirib. Təsdiq olunmamış məlumatlar olsa da, bir neçə Amerika hərbçisinin həyatını itirdiyi də deyilir.

Mən şəxsən vəziyyətin daha da pisləşəcəyini təxmin edirəm və həmişə də demişəm ki, burada daha çox şəxsi maraqlar önə çəkilir. Yəni Hörmüz boğazından keçidlə bağlı, oradan keçən texnika ilə bağlı Amerikanın müəyyən istəkləri var. Yəni tankerlərin, yanacaq daşıyan tankerlərin keçidi ilə bağlı Amerikanın müəyyən istəkləri var. O istəkləri də həyata keçirmək üçün Amerika var gücü ilə çalışır. Düzdür, bəzən tərəflərin verdiyi bəyanatlara qulaq asanda tamam fərqli mənzərələrin şahidi oluruq. Amma görünən odur ki, yaxın günlərdə tərəflər bir-birinə qarşı daha amansız şəkildə raketlərdən və digər vasitələrdən istifadə edəcəklər. Mən şəxsən vəziyyətin bu istiqamətdə inkişaf edəcəyini düşünürəm".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən