"Fransa ordusu Napoleondan sonra həlledici qələbə qazanmayıb" - Hərbi ekspert
"Fransa ordusu uzun müddətdir ki, real müharibələrdə və silahlı toqquşmalarda iştirak etmir. Bir çox Afrika ölkələrindən isə Fransa ordusu çıxarılıb. Lakin Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda bir neçə ildən sonra Rusiyanın digər Avropa ölkələrinə müdaxilə ehtimalı istisna edilmir. Buna görə də Fransa Prezidenti ölkənin silahlı qüvvələrinə müraciət edərək hərbçiləri mümkün gələcək münaqişələrə hazırlaşmağa və bu münaqişələrdə qələbəni təmin etməyə çağırıb".
Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Fransa Prezidenti Emmanuel Makronun ölkənin Silahlı Qüvvələrini gələcəyin münaqişələrinə hazırlaşmağa və hazırkı münaqişələrdə qələbəni təmin etməyə çağırmasından danışarkən bildirdi.

Müsahibimiz qeyd etdi ki, Fransa nə İkinci Dünya müharibəsində, nə də ondan sonrakı məhdud lokal əməliyyatlarda heç vaxt qələbəni təmin edən əsas faktora çevrilə bilməyib:
"Amma hazırda təhlükə Fransanın ətrafındakı ölkələri təhdid edir. Buna görə də Fransa Prezidenti özünü sığortalamaq və məsuliyyəti silahlı qüvvələrin üzərinə yönəltmək məqsədilə populist bəyanat səsləndirib. Amerika Birləşmiş Ştatlarının son aylarda Avropa ölkələrini öz təhlükəsizliklərini təmin etmək üçün daha fəal addımlar atmağa çağırmasından sonra Makron da növbəti bəyanatı ilə prosesləri fərqli istiqamətə yönləndirməyə çalışıb. Halbuki Fransa ordusu Napoleondan sonra heç bir uğurlu, qələbəni təmin edən döyüşə imza atmayıb".
Xədicə BAXIŞLI













