Ukrayna niyə təcili "Patriot" raketləri istəyir? - Hərbi ekspert səbəbi AÇIQLADI

 15:53 29.07.2026     841

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla keçirdiyi görüşdə Kiyevə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün təcili "qış paketi" çərçivəsində raketlərin verilməsini xahiş etdiyini bildirib.

Bəs Zelenskinin bu raketləri istəməsi qış aylarında müharibənin daha da genişlənəcəyindən xəbər verə bilərmi?

Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, hazırda Ukrayna ilə Rusiya arasında davam edən müharibə kifayət qədər intensiv xarakter daşıyır.

"Ukraynanın əsas və ən böyük problemi hazırda hava hücumundan müdafiə raketləri ilə bağlıdır. Bu məsələnin həlli istiqamətində isə kifayət qədər uğurlu addımlar atılıb. Qış aylarında müharibənin daha da genişlənməsi ehtimalı böyük deyil. Lakin münaqişənin həll olunacağı da gözlənilmir. Buna görə də istər qış, istərsə də yay ayları olsun, müharibənin davam edəcəyi ehtimalı yüksəkdir. "Patriot" sistemlərinin Ukraynaya verilməsi, həmçinin bu raketlərin Ukraynada istehsalı üçün lisenziyanın əldə olunması Rusiyanın ballistik raket hücumlarının qarşısının alınmasında mühüm və müsbət rol oynayacaq", - deyə o əlavə etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən