Zelenski niyə təcili "Patriot" raketləri istəyir? - Generaldan AÇIQLAMA

 18:15 30.07.2026     1086

“Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-dən “Patriot” sistemləri üçün təcili “qış paketi” çərçivəsində raket istəməsi təkbaşına müharibənin qışda mütləq genişlənəcəyini göstərmir. Lakin bu addım Ukrayna rəhbərliyinin Rusiyanın qış aylarında intensiv raket və pilotsuz uçuş aparatı (PUA) hücumlarına hazırlaşdığını düşündüyünü göstərən ciddi siqnaldır. Zelenski Vaşinqtonda Donald Trampla görüşündə əsas prioritet kimi məhz ballistik raketlərə qarşı hava hücumundan müdafiə raketlərinin təmin edilməsini ön plana çıxarıb”.

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirdi.

O qeyd etdi ki, bunu bir neçə aspektdən qiymətləndirmək olar:

“İlk növbədə, son üç qışın təcrübəsi göstərir ki, Rusiya qış aylarında Ukraynanın enerji infrastrukturunu – elektrik stansiyalarını, transformator mərkəzlərini və istilik sistemlərini – kütləvi raket zərbələri ilə hədəfə alır. Ukrayna hesab edir ki, bu strategiya 2026-2027-ci il qış mövsümündə də davam edə bilər. Digər mühüm məqam ondan ibarətdir ki, “Patriot” raketləri hücum silahı deyil, müdafiə vasitəsidir. Onların əsas funksiyası ballistik və hipersəs raketlərini məhv etməkdir. Bu baxımdan, Zelenskinin tələbi yeni hücum əməliyyatları üçün deyil, şəhərlərin və kritik infrastrukturun müdafiəsinin gücləndirilməsinə hesablanıb. Eyni zamanda, ABŞ-də “Patriot” raketlərinə tələbat son aylarda əhəmiyyətli dərəcədə artıb. Həm Ukraynadakı müharibə, həm də Yaxın Şərqdə artan gərginlik fonunda istehsalın genişləndirilməsi üçün milyardlarla dollarlıq yeni müqavilələr imzalanıb. Bu da Vaşinqtonun uzunmüddətli hava hücumundan müdafiə ehtiyacını nəzərə aldığını göstərir”.

Generalın fikrincə, Zelenskinin bu müraciəti müharibənin coğrafi baxımdan genişlənəcəyindən daha çox, hava müharibəsinin intensivləşəcəyinə hazırlıq kimi dəyərləndirilməlidir.

“Ən real ssenari Rusiyanın Ukraynanın enerji və nəqliyyat infrastrukturuna raket hücumlarını genişləndirməsi, Ukraynanın isə Rusiyanın arxa cəbhəsində yerləşən hərbi-logistika obyektlərinə uzaqmənzilli PUA və raket zərbələrini artırmasıdır. Paralel olaraq, hər iki tərəfin hava hücumundan müdafiə ehtiyatlarını maksimum səviyyədə gücləndirməsi də gözlənilən variantlardan biridir. Daha az ehtimallı, lakin mümkün ssenarilər arasında Belarus istiqamətində əlavə hərbi təzyiq, Qara dəniz və digər cəbhələrdə lokal eskalasiya, eləcə də NATO ilə birbaşa hərbi toqquşma ehtimalı göstərilə bilər. Bununla belə, hazırkı mərhələdə belə bir ssenarini təsdiqləyən etibarlı göstəricilər mövcud deyil.

Nəticə etibarilə, Zelenskinin “Patriot” raketlərini israrla tələb etməsi Ukraynanın qarşıdakı qışda daha intensiv raket hücumları gözlədiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Lakin bu, avtomatik olaraq müharibənin yeni ölkələri əhatə edəcək şəkildə genişlənəcəyi anlamına gəlmir. Daha real ehtimal ondan ibarətdir ki, 2026-2027-ci il qış mövsümündə Rusiya–Ukrayna müharibəsinin hava və raket komponenti əvvəlki qışlarla müqayisədə daha da intensiv xarakter alacaq”, - deyə Karauz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən