"Sazişi indidən “İslam NATO-su” adlandırmaq düzgün olmaz" - Türkiyəli general

 17:27 07.08.2026     856

""Məkkə sazişi" regional təhlükəsizlik arxitekturasında yeni mərhələ yarada bilər. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli müdafiə sazişini sadəcə hərbi əməkdaşlıq sənədi kimi deyil, Yaxın Şərqdən Cənubi Asiyaya qədər uzanan geosiyasi məkanda yeni təhlükəsizlik mexanizminin formalaşdırılması cəhdi kimi qiymətləndirmək lazımdır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz səsləndirdi:

"Bu üç dövlətin potensialı bir-birini tamamlayır. Türkiyə NATO üzvü olmaqla yanaşı, güclü orduya, ciddi əməliyyat təcrübəsinə və sürətlə inkişaf edən müdafiə sənayesinə malikdir. Pakistan böyük hərbi potensiala və nüvə silahına sahib dövlətdir. Səudiyyə Ərəbistanı isə maliyyə imkanları, enerji resursları, Körfəzdəki strateji mövqeyi və İslam dünyasındakı siyasi-dini çəkisi ilə seçilir. Bu baxımdan Ankara–Ər-Riyad–İslamabad xətti hərbi, iqtisadi və geosiyasi imkanların birləşdirilməsi potensialına malikdir.

İkincisi, saziş regionda dəyişən təhlükəsizlik mühitinin nəticəsidir. Yaxın Şərqdə davam edən qarşıdurmalar, İran–İsrail rəqabəti, Qırmızı dəniz və Fars körfəzinin təhlükəsizliyi, Hind okeanındakı geosiyasi mübarizə və ABŞ-nin regiondakı gələcək roluna dair qeyri-müəyyənlik regional dövlətləri təhlükəsizliklərini daha çox öz imkanları hesabına təmin etməyə sövq edir. “Məkkə sazişi” bu mənada regional strateji muxtariyyət axtarışının göstəricisi sayıla bilər.

Üçüncüsü, Türkiyə baxımından bu saziş NATO-ya alternativ deyil. Ankara, əksinə, NATO üzvlüyünü qoruyaraq Körfəz, Cənubi Asiya və İslam dünyasında əlavə təhlükəsizlik əlaqələri yaratmağa çalışır. Bu siyasət Türkiyənin çoxşaxəli xarici və təhlükəsizlik siyasətinə uyğundur.

Dördüncüsü, sazişin ən mühüm istiqamətlərindən biri müdafiə sənayesi ola bilər. Türkiyənin pilotsuz uçuş aparatları, elektron müharibə, raket və hava hücumundan müdafiə sistemləri sahəsində imkanları; Pakistanın raket, aviasiya və hərbi texnologiya təcrübəsi; Səudiyyə Ərəbistanının isə böyük investisiya imkanları bir araya gətirilərsə, üç ölkə arasında ortaq istehsal və texnologiya layihələri yarana bilər. Uzunmüddətli perspektivdə bunun siyasi təsiri hərbi əməkdaşlıq qədər əhəmiyyətli ola bilər".

General qeyd etdi ki, Pakistanın nüvə dövləti olması isə sazişə ayrıca strateji çəki verir:

"Lakin burada ehtiyatlı olmaq lazımdır. Pakistanın nüvə arsenalının avtomatik şəkildə Türkiyə və ya Səudiyyə Ərəbistanının müdafiəsinə daxil edildiyini söyləmək üçün sazişin açıq hüquqi müddəaları olmalıdır. Buna görə indiki mərhələdə “nüvə çətiri” ifadəsindən daha çox, Pakistanın nüvə statusunun üçtərəfli mexanizmin ümumi çəkindiricilik qabiliyyətini artırdığını söyləmək daha düzgün olar".

Onun sözlərinə görə, saziş İran, İsrail, Hindistan və ABŞ tərəfindən da diqqətlə izlənəcək:

"Tehran bunu özünün qərb, cənub və şərq istiqamətlərində yeni strateji koordinasiya ehtimalı kimi görə bilər. Hindistan üçün Pakistanın Türkiyə və Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik münasibətlərinin institusionallaşması mühüm məsələdir. İsrail isə Türkiyənin hərbi-sənaye imkanları ilə Pakistanın strateji potensialının yaxınlaşmasını nəzərə alacaq. ABŞ üçün isə bu mexanizm həm regional müttəfiqlərin təhlükəsizlik yükünü daha çox bölüşməsi, həm də Vaşinqtondan müəyyən dərəcədə müstəqil regional təhlükəsizlik sisteminin meydana çıxması baxımından ikili məna daşıyır".

Müsahibimizin fikrincə, bu saziş Azərbaycan üçün də proses xüsusi əhəmiyyət kəsb edir:

"Türkiyə Azərbaycanın ən yaxın strateji müttəfiqidir, Pakistan Azərbaycanla çox yaxın siyasi və hərbi münasibətlərə malikdir, Səudiyyə Ərəbistanı ilə Bakı arasında isə münasibətlər inkişaf edir. Buna görə Ankara–İslamabad–Ər-Riyad xəttində formalaşan yeni strateji mexanizm gələcəkdə Azərbaycan üçün də əlavə diplomatik və təhlükəsizlik imkanları yarada bilər. Xüsusilə Türkiyə–Azərbaycan–Pakistan əməkdaşlığının Körfəz istiqaməti ilə əlaqələndirilməsi Azərbaycanın geosiyasi manevr imkanlarını genişləndirə bilər. Lakin sazişi indidən “İslam NATO-su” adlandırmaq düzgün olmaz. Bunun real hərbi ittifaqa çevrilib-çevrilməyəcəyini üç məsələ müəyyən edəcək: tərəflərdən birinə hücumun digərlərinə hücum hesab edilib-edilməməsi, ortaq hərbi komanda və əməliyyat mexanizmlərinin yaradılması və sazişin gələcəkdə digər dövlətlərin iştirakına açıq olub-olmaması. Əgər bu elementlər formalaşarsa, “Məkkə sazişi” sadəcə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında müdafiə əməkdaşlığı olaraq qalmaya, Yaxın Şərq–Körfəz–Cənubi Asiya xəttində yeni təhlükəsizlik arxitekturasının nüvəsinə çevrilə bilər. Bu isə regionda ABŞ, İran, İsrail və Hindistan da daxil olmaqla bir çox aktorun strateji hesablamalarına təsir göstərəcək ciddi geosiyasi dəyişiklik deməkdir".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən