"Türkiyənin F-35 proqramına dönüş ehtimalı yüksəkdir" - AÇIQLAMA
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Türkiyənin “F-35” proqramına yenidən qaytarılması ilə bağlı verdiyi vədin icrasını gözlədiklərini bildirib. Bu açıqlama Ankara-Vaşinqton xəttində uzun müddətdir davam edən F-35 mübahisəsinin yenidən gündəmə gəlməsinə səbəb olub".
Bunu Redaktor.az-a danışan hərbi ekspert Anar Şuşalı bildirdi.
Onun sözlərinə görə, Türkiyənin “F-35” proqramından çıxarılmasının əsas səbəbi Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması idi:
"ABŞ bu sistemlərin F-35 texnologiyası üçün təhlükə yarada biləcəyini əsas gətirərək Türkiyənin proqramdakı iştirakını dayandırmışdı. Donald Trampın hakimiyyətə qayıdışından sonra isə məsələyə münasibətdə müəyyən yumşalma müşahidə olunur. Trampın Ərdoğanla münasibətləri və Türkiyəni NATO daxilində ABŞ ilə daha sıx əməkdaşlığa qaytarmaq istəyi F-35 məsələsinin həlli üçün yeni imkanlar yaradır.
Lakin burada əsas problem S-400-lər olaraq qalır. Türkiyənin F-35 proqramına qayıtması üçün Vaşinqtonun bu sistemlərin gələcək statusu ilə bağlı Ankaradan konkret təminatlar tələb etməsi gözlənilir. Bundan başqa, ABŞ Konqresində Türkiyəyə F-35 satışına qarşı çıxan qüvvələrin olması da prosesin qarşısında ciddi maneədir. Bütün bunlara baxmayaraq, Trampın siyasi iradəsi məsələnin həlli üçün mühüm amil ola bilər. Əgər Ankara və Vaşinqton S-400 məsələsində kompromis əldə edə bilsələr, Türkiyənin F-35 proqramına qayıtması real ssenariyə çevrilə bilər.
Belə bir dönüş Türkiyə üçün yalnız yeni nəsil döyüş təyyarələrinin əldə edilməsi demək olmayacaq. Bu, eyni zamanda ABŞ-Türkiyə münasibətlərinin normallaşması, NATO daxilində hərbi əməkdaşlığın güclənməsi və regiondakı hava qüvvələri balansının dəyişməsi baxımından mühüm nəticələr doğura bilər. Mənim qənaətimə görə, Trampın Türkiyənin F-35 proqramına qayıtması istiqamətində addımlar atması ehtimalı yüksəkdir. Lakin vədin tam icrası S-400 məsələsinin necə həll olunacağından və ABŞ Konqresinin mövqeyindən asılı olacaq. Əgər Ankara bu məsələdə Vaşinqton üçün məqbul kompromis təklif edə bilsə, Türkiyənin F-35 proqramına dönüşü artıq uzaq perspektiv deyil, real siyasi-hərbi razılaşmaya çevrilə bilər".
NURİYYƏ













