İran Avropadakı Amerika hərbi obyektlərini vura bilər? - Hərbi ekspertdən AÇIQLAMA
Xarici medianın məlumatına görə, İran ABŞ-nin yeni hərbi müdaxiləyə başlaması halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirə bilər.
Maraqlıdır, bəs İranın Avropadakı Amerika hərbi obyektlərinə zərbə edirməsi nə qədər realdır?
Hərbi ekspert Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hazırda ABŞ ilə İran arasında imzalanan anlaşma memorandumunun müddəti başa çatıb:
"Yəni atəşkəs üçün elan olunan 60 günlük müddət başa çatıb və belə bir vəziyyətdə zaman-zaman biz həm Babül-Məndəb boğazında, həm Hörmüz boğazında atəş səsləri eşidirik. Atəş səsləri daha çox SEPAH və onun dəstəklədiyi husilər tərəfindən açılır. Belə olan halda, təbii ki, ABŞ-nin də hərbi zərbələri bərpa etməsi ehtimalı kifayət qədər yüksəlir. Bunu anlayan İran isə Amerikanın Avropada yerləşən hərbi obyektlərini təhdid etməsi indiki vəziyyətdə real görünmür. Çünki İran burnunun ucundan ona atəş açan ABŞ gəmilərinə zərbə endirməyə cəsarət etmədiyi halda, yalnız və yalnız ona qarşı cavab reaksiyaları mümkün olmayan Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və İraqdakı kürd mövqelərinə zərbələr ilə məhdudlaşır".
Həmsöhbətimizin fikrincə, İranın Avropaya atəş açması ona qarşı koalisiyanın daha da genişlənməsinə səbəb ola bilər:

"Belə bir addım praktiki olaraq hazırda mümkün görünmür, amma nəzəri cəhətdən İranın Avropanın bəzi ərazilərinə yetəcək qədər raketləri olduğuna görə real hesab oluna bilər.
Amma bu addım İran üçün kifayət qədər müəyyən nəticələrə səbəb ola biləcək bir addım olardı. Ona görə də ağlı başında olan bir adam indiki vəziyyətdə İranın düşmənlərinin kifayət qədər çox olduğu bir vəziyyətdə həmin əks cəbhədə duran ölkələrin sayını da artırmağa çalışmamalıdır".
Aytəkin TOFİQQIZI













