ABŞ-nin dayanması yalnız bir halda mümkündür - Hərbi ekspert AÇIQLADI
"ABŞ son günlər İrana qarşı zərbələrin sayını kifayət qədər artırıb. Daha əvvəl yalnız hərbi hədəflərə zərbələr endirilirdisə, hazırda ABŞ-nin Hürmüz boğazındakı İran tankerlərini də nişan aldığı faktdır. Sentyabrın 1-dən başlayaraq 100 hava zərbəsi endirən ABŞ-nin, bəzi mənbələrin məlumatına görə, Hürmüz boğazında 20-yə yaxın İran mülki gəmisini də sıradan çıxardığı bildirilir".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirdi.
Onun sözlərinə görə, İranın zərbələri qətiyyətlə effekt vermir:

"Bu zərbələr daha çox ABŞ-nin Körfəz ölkələrindəki obyektlərinə açılır, amma onların da sayı əvvəlkindən dəfələrlə azdır. Son dəfə İordaniyaya atılan 8 raketdən yeddisi vurulub, biri isə boş səhralıq əraziyə düşdüyü üçün ona atəş açılmayıb. Belə olan bir vəziyyətdə ABŞ-nin dayanması yalnız bir halda mümkündür ki, İran Tramp tərəfindən verilən təklif və tələbləri qəbul etsin. Daha əvvəl əldə olunan anlaşma memorandumu hazırda qüvvədə deyil, amma ABŞ-nin irəli sürdüyü tələblər də əvvəlkindən daha sərtdir. Hesab edirəm ki, bu tələblər İran tərəfindən yerinə yetirilməyənə qədər ABŞ bu və ya digər şəkildə İrana zərbələrini davam etdirəcək".
Aytəkin TOFİQQIZI













