İranın Zəngəzur narahatlığı: ABŞ hərbçiləri Ermənistanda yerləşdiriləcək?
İran Ermənistandakı TRIPP layihəsinin təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya ölkədə artıq mövcud olan üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edib. Məlumatlara görə, Tehran bununla da Amerika qoşunlarının İran sərhədi yaxınlığında mövcudluğunun qarşısını almağa çalışır. İran hökuməti bildirib ki, Amerika qüvvələri Ermənistan ərazisində yerləşdirilərsə, Tehran onları ABŞ ilə davam edən gərginlik fonunda potensial hərbi hədəf kimi görə bilər.
Hərbi ekspert Azad İsazadə Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin Silahlı Qüvvələrinin Zəngəzur dəhlizində yerləşməsi planlaşdırılmayıb:
"Belə bir şey olmayacaq. Maksimum nə ola bilər? Hərbi, özəl mühafizə kampaniyaları ola bilər. Yəni müqavilə bağlanır və hansısa obyekt mühafizə olunur. Bizdə də Daxili İşlər Nazirliyinin tərkibində özəl mühafizə kampaniyaları var. Sözsüz ki, TRIPP kimi strateji əhəmiyyət daşıyan dəhlizə daha ciddi, yaxşı hazırlanmış, yaxşı silahlanmış və bütün təhlükəsizlik sistemlərini bilən kampaniyalar qoşula bilər. Bu səbəbdən İranın bu bəyanatı mənasızdır. ABŞ-nin hərbi hissəni Ermənistan ərazisində yerləşdirmək planı yoxdur. Olsa belə, onun İrana aidiyyəti yoxdur. Çünki bu, ABŞ və Ermənistan arasında razılaşma ilə həyata keçirilə bilər".

Həmsöhbətimiz yeni gərginliyin yaranıb-yaranmaması ehtimalından da bəhs etdi:
"İnanmıram ki, yeni geosiyasi gərginlik yaransın. Sözsüz ki, İranın mövqeyini anlamaq mümkündür. İran istəmir ki, onun şimal sərhədində güclü, Qərblə əlaqəsi olan dövlətlər formalaşsın. Onları Rusiyadan asılı və tam müstəqil olmayan dövlətlər qane edirdi. İndi isə Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişib və ona görə də bu məsələ ilə bağlı İranda gərginlik yaranıb".
Azad İsazadə vurğuladı ki, İrəvanın özündə də çox da güclü olmayan, amma kifayət qədər qüvvələr var ki, TRIPP-in əleyhinə çıxış edir və İran sadəcə bu məsələni bir balaca şişirtmək istəyir:
"Aydındır ki, gec-tez ABŞ-İran müharibəsi qurtaracaq və hansısa razılaşma olsa, ABŞ İrandan sanksiyaları götürsə, gələcəkdə İranda normal rəhbərlik olsa, İran TRIPP layihəsinə özü də qoşula bilər. Bu, ümumiyyətlə, yoldur. Yola İrandan da istər dəmir yolu, istər avtomobil yolu ilə qoşulmaq olar. İqtisadi baxımdan İran üçün də bu yol çox iqtisadi gəlir gətirə bilən bir marşrutdur".
Aytəkin TOFİQQIZI













