Hərbçilərə növbəti rütbənin verilməsi qaydası dəyişdirilir - Komitə sədrindən AÇIQLAMA
Hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddətinin hesablanması qaydaları yenilənir. Yeni dəyişikliklərlə zabitlərin magistratura, rezidentura, doktorantura və adyunktura üzrə təhsil və elmi fəaliyyətinin də nəzərə alınması nəzərdə tutulur.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Hərbi xidmətkeçmə haqqında” Qanuna təklif olunan dəyişikliklərin müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev bildirib.
Onun sözlərinə görə, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsinin təkmilləşdirilməsi, həmçinin zabitlərin əlavə ali təhsil almasının və elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə hazırlanıb.
Təklif olunan dəyişikliklərlə hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin hesablanmasına dair mövcud qaydalar dəqiqləşdirilir. Eyni zamanda, zabitlərin magistratura (rezidentura) və doktorantura (adyunktura) üzrə təhsil və elmi fəaliyyətinin rütbə müddətinin hesablanmasında nəzərə alınması təmin edilir.
Layihədə xüsusi təyinatlı təhsil müəssisələrini bitirən hərbi qulluqçuların “leytenant” rütbəsində xidmət müddəti ilə bağlı da yeni tənzimləmə təklif olunur.
Hazırkı qaydalara əsasən, təhsil müddəti 4 il olan xüsusi təyinatlı təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün “leytenant” rütbəsində xidmət müddəti 3 il, təhsil müddəti 5 il və daha çox olanlar üçün isə 1 il müəyyən edilib.
Arzu Nağıyev bildirib ki, mövcud qaydalar nəticəsində eyni kateqoriyadan olan hərbi qulluqçuların növbəti rütbəni alması baxımından fərqli müddətlər yaranır.
Belə ki, təhsil müddəti 4 il və 6 il olan xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarına növbəti “baş leytenant” rütbəsi həqiqi hərbi xidmətin 7-ci ili tamam olduqda verildiyi halda, 5 illik təhsil alan hərbi qulluqçular bu rütbəni xidmətlərinin 6-cı ili tamam olduqda alırlar.
“Bu da öz növbəsində eyni kateqoriyalı hərbi qulluqçulara fərqli yanaşmanın tətbiq olunmasına və bərabərlik prinsipinin pozulmasına şərait yaradır”, - deyə komitə sədri qeyd edib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilik aktlarının müvafiq maddələri yeni redaksiyada hazırlanıb və dəyişiklik nəticəsində eyni kateqoriyadan olan hərbi qulluqçular üçün növbəti hərbi rütbələrin verilməsi müddəti bərabərləşdiriləcək.













