“ABŞ-nin Ermənistanla bağlı ciddi planları var” - Polkovnikdən AÇIQLAMA

 19:17 21.09.2026     140

Ermənistan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. Sentyabrın 18-də keçirilən ikitərəfli müdafiə məsləhətləşmələrində son illərdə həyata keçirilən birgə layihələrə yekun vurulub, gələcək əməkdaşlığın inkişaf perspektivləri nəzərdən keçirilib. Ermənistan tərəfi əməkdaşlığın ölkənin silahlı qüvvələrinin yenidən qurulması və transformasiyası çərçivəsində həyata keçirildiyini vurğulayıb. ABŞ isə Ermənistanda müdafiə islahatlarına dəstəyini davam etdirəcəyini bəyan edib.

Maraqlıdır, Ermənistan və ABŞ arasında müdafiə əməkdaşlığının genişləndirilməsi Cənubi Qafqazda hərbi-siyasi vəziyyətə necə təsir göstərə bilər?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a açıqlamasında bildirdi ki, Ermənistanla ABŞ arasında müdafiə sahəsində əməkdaşlıq bundan sonra da genişləndiriləcək:

"ABŞ-nin Ermənistanla bağlı çox ciddi planları var. Bu planlardan biri də Cənubi Qafqazın üç respublikası arasında geridə qalan Ermənistana müdafiə sahəsində dəstək göstərmək, eyni zamanda, onu Rusiyanın təsir dairəsindən bir qədər də uzaqlaşdırmaqdır. Ona görə də Ermənistanla ABŞ arasında müdafiə əməkdaşlığının genişləndirilməsinin Cənubi Qafqazda hərbi-siyasi vəziyyətə hər hansı təsiri olmayacaq. Ermənistan müharibədən çıxmış bir ölkədir və indi-indi bəzi silah-sursatlar alır, müəyyən məsələləri həll edir".

Onun sözlərinə görə, Ermənistan Rusiyanın təsirindən qurtulmaq üçün ABŞ və digər ölkələrlə yaxınlaşmağa məcburdur.

"Son vaxtlar Fransaya, Çinə və digər ölkələrə yaxınlaşdığını görürük. Bu yaxınlaşma iqtisadi, siyasi, o cümlədən hərbi və hərbi-texniki sahələri əhatə edir. Ermənistan tərəfi bu əməkdaşlıq vasitəsilə öz silahlı qüvvələrini yenidən qurmağa, o cümlədən NATO standartlarına heç olmasa uyğunlaşdırmağa çalışır və bu istiqamətdə addımlar atır. Əlbəttə ki, ABŞ də bundan sonra Ermənistana müdafiə sahəsində həyata keçirəcəyi islahatlarda dəstək olacağını vəd edib. Bu məqsədlə həm maliyyə yardımı göstərəcək, həm kadrların hazırlanmasına, həm də silah-sursatın yenilənməsinə dəstək verəcək. Bir sözlə, ABŞ Cənubi Qafqaz respublikaları arasında bir qədər geridə qalmış Ermənistana dəstək olmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə addımlar atır. 2026-cı ilin qalan aylarında, eləcə də 2027-ci ildə bu yaxınlaşmanı daha çox hiss edəcəyik və görəcəyik. Ermənistan hərbçiləri ABŞ kolleclərində həm təlim keçəcəklər, həm də hazırlanacaqlar. Bunun üçün tələb olunan maliyyə vəsaitinin, yəni maliyyə yükünün daha böyük hissəsini ABŞ öz üzərinə götürəcək", - deyə polkovnik yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən