Hərbçilərin və digər xüsusi xidmət əməkdaşlarının pensiyası artırılacaq? - Deputatdan AÇIQLAMA
"Bir sıra qanunlarda dəyişiklik edilməsi nəzərdə tutulur".
Bunu Redaktor.az-a açıqlamasında deputat Aydın Mirzəzadə “Hərbi qulluqçuların statusu haqqında”, “Polis haqqında”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında danışarkən bildirdi.
Onun sözlərinə görə, bu, həmin sahələrdə, müxtəlif istiqamətlərdə çalışan insanların pensiya təminatının yeni sistemlə işlənmə mexanizminin təqdimatıdır:
"Bu dəyişikliklər onların gələcəkdə daha yüksək pensiya almasına və eyni zamanda uzun müddət hərbi xidmətdə qulluq etmək üçün motivasiyasının daha böyük olmasına imkan verəcək. Həmçinin bu qanun layihəsi indinin özündə hərbi və hərbi qulluğa bərabər hesab edilən sahələrdə çalışanların pensiyalarının artmasına kömək edəcək. Ən əsası, bu dəyişikliklər əvvəlki qanunvericiliklə pensiyaya çıxanların pensiyasını pisləşdirməyəcək".
NURİYYƏ













