“Dünyada ölkələrin bu qədər silahlandığı dövr olmayıb” - Emin Həsənli
İran Prezidenti Məsud Pezeşkian Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişini müsəlmanların birliyi istiqamətində atılmış müsbət addım kimi qiymətləndirib. Pezeşkianın sözlərinə görə, saziş müsəlman ölkələri arasında qarşıdurmaların qarşısının alınmasına, tərəflərin eyni masa arxasında əyləşərək İslam birliyi istiqamətində əməkdaşlıq etməsinə xidmət edə bilər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Emin Həsənli bildirdi ki, Pezeşkianın Məkkə sazişini dəstəkləməsi sevindirici haldır:
"Ancaq İran zaman-zaman həm Türkiyə ilə, həm də Səudiyyə Ərəbistanı ilə problemlər yaşayıb. Hesab edirəm ki, səmimi mövqe irəli sürmək lazımdır. Səmimi mövqe olsaydı, 22 ərəb dövlətinin arasında Fələstinin bu gün bu problemləri yaşanmazdı. Ölkələrin bir-birinə qarşı da maraqları var. Amma İranın marağı ilə Türkiyənin marağı, Səudiyyə Ərəbistanının marağı bir-birinə ziddiyyət təşkil edir".
Müsahibimiz qeyd etdi ki, dünyada milyonlarla insan acdır, milyardlarla insanın mənzil problemi var, çətinlikləri var, səhiyyə problemi var:
"Amma hər il ölkələr isə milli gəlirlərin böyük hissəsini hərbiyə ayırır. Təsəvvür edin ki, sülh şəraitində ölkələr yaşasaydı və bu vəsait insanların sağlamlığına, təhsilinə, sosial şəraitin yaxşılaşdırılmasına xərclənsəydi, dünyada heç bir insanın problemi, heç bir ailənin sıxıntısı olmazdı.
Amma reallıq tam başqadır. Bunlar hamısı romantika kimi görünür. Hələlik dünya tarixindən bu yana ölkələrin bu qədər silahlandığı dövr olmayıb. NATO, Kollektiv Müqavilə Təşkilatı, yeni yaranan Türkiyənin müttəfiqliyi onu göstərir ki, artıq yeni müttəfiqlərə ehtiyac var. Dünya düzəni dəyişib. Rusiya-Ukrayna müharibəsindən sonra Amerika NATO-dan istənilən dəstəyi almadı, fikir ayrılığı yarandı. İranla da Amerika müharibəsində Amerika NATO-dan istənilən dəstəyi almadı. Ona görə də Türkiyə bunları yaxşı görür".
Həmsöhbətimiz sonda vurğuladı ki, gələcəkdə türk dövlətləri də Məkkə sazişinə qoşula bilər.
Aytəkin TOFİQQIZI













