İran Məkkə Müdafiə Sazişinə qoşula bilər? - AÇIQLAMA

 17:17 30.09.2026     135

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Sazişi müsəlmanların birləşməsi istiqamətində atılmış mühüm addımdır. Eyni zamanda Pezeşkian müsəlman ölkələrinin bir-birinə dəstək verməsi və birləşməsinin müsbət hal olduğunu deyib.

Maraqlıdır, bəs İranın Məkkə Müdafiə Sazişinə qoşulma ehtimalı varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert Anar Şuşalı bildirdi ki, Məsud Pezeşkianın açıqlaması fonunda İranın Məkkə Birgə Müdafiə Sazişinə qoşulması məsələsi artıq regional təhlükəsizlik gündəliyində müzakirə oluna biləcək mövzulardan biridir:

“Türkiyə parlamentinin sədri Numan Kurtulmuş da sentyabrın 25-də sazişin gələcəkdə İran da daxil olmaqla digər müsəlman ölkələrinin iştirakı ilə genişlənə biləcəyini bildirib.

İran bu sazişə qoşula bilərmi? 2026-cı il avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi üç ölkənin kollektiv təhlükəsizlik və müdafiə əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur. Sazişə əsasən, tərəflərdən birinə qarşı silahlı hücum digər tərəflərə qarşı hücum kimi qiymətləndirilir. Rəsmi sənədlərdə isə sazişin konkret olaraq hər hansı ölkəyə qarşı yönəlmədiyi vurğulanır.

Bu baxımdan, İranın mümkün iştirakı hüquqi və siyasi baxımdan tamamilə istisna edilmir. Pakistanın xarici işlər qurumunun sentyabrın əvvəlində verdiyi açıqlamada da bildirilib ki, sazişə qoşulmaq istəyən ölkənin kollektiv öhdəlikləri və ümumi təhlükəsizlik maraqları nəzərə alınmaqla məsələ Riyad və Ankara ilə məsləhətləşmələr çərçivəsində qiymətləndiriləcək. Eyni açıqlamada həmin tarixə qədər yeni ölkənin qoşulması ilə bağlı rəsmi müraciətin olmadığı qeyd edilib.

Burada İranın mövqeyi xüsusilə diqqət çəkir. Pezeşkianın sazişi müsəlman ölkələri arasında qarşıdurmaların qarşısının alınmasına və İslam dünyasında əməkdaşlığa xidmət edə biləcək addım kimi qiymətləndirməsi Tehran tərəfindən sənədə ən azı siyasi baxımdan müsbət yanaşmanın ifadəsi kimi nəzərdən keçirilə bilər”.

Onun sözlərinə görə, İranın sazişə real şəkildə qoşulması bir sıra mürəkkəb məsələlərdən asılı olacaq:

“İlk növbədə, Tehranla Riyad arasında regional təhlükəsizlik məsələlərinə dair fikir ayrılıqları, Yəmən məsələsi və İranın bölgədəki müttəfiqləri ilə bağlı fərqli yanaşmalar nəzərə alınmalıdır. Üstəlik, saziş artıq yalnız siyasi bəyanat mərhələsində deyil. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 31-də İstanbulda saziş çərçivəsində Strateji Siyasi və Müdafiə Komitəsinin ilk toplantısını keçirib və əməkdaşlığın institusional mexanizmlərinin yaradılmasına başlayıblar.

Digər tərəfdən, sazişin genişlənməsi ideyası artıq Türkiyə tərəfindən açıq şəkildə səsləndirilib. Numan Kurtulmuş bu mexanizmin gələcəkdə digər müsəlman ölkələrinin də iştirakı ilə daha geniş təhlükəsizlik platformasına çevrilə biləcəyini bildirib və İranın adını ayrıca çəkib”.

Müsahibimiz vurğuladı ki, hazırkı mərhələdə İranın sazişə qoşulacağını demək üçün əsas yoxdur, lakin İranın bu formatda iştirakının siyasi müzakirəyə çıxarılması üçün zəmin formalaşır:

“Pezeşkianın açıqlaması isə Tehranın belə bir regional təhlükəsizlik mexanizminə prinsipial münasibətinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Əgər İran gələcəkdə sazişə qoşulmaq məsələsini gündəmə gətirsə, əsas sual təkcə Tehranın istəyinin olub-olmaması deyil, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın İranı kollektiv müdafiə mexanizminin tamhüquqlu iştirakçısı kimi qəbul etməyə hazır olub-olmaması olacaq. Hazırda rəsmi mövqelər bu məsələnin mümkünlüyünü tam bağlamır, amma İranın qoşulması ilə bağlı konkret razılaşma və ya müraciət barədə məlumat yoxdur”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən