Üzeyir Cəfərov Ermənistanda saxlanılan əsgərimizlə bağlı danışdı: "Ortada başqa məqsədlər də var"

 10:31 02.10.2026     190

Xəbər verdiyimiz kimi, Laçın istiqamətində xidmət edən hərbi qulluqçu Nəsimi Musayevin itkin düşməsi ilə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb. Araşdırma zamanı onun hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyənləşib. Sonradan Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.

Bəs əsgərimizin aqibəti necə olacaq? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, bu əsgərimizlə bağlı sosial şəbəkələrdə çox geniş müzakirələr açılıb:

"Bu müzakirələrin əleyhinə deyiləm, amma vəziyyəti bilən də yazır, bilməyən də yazır. Mən yenə də deyirəm, xoşagəlməz bir hadisədir ki, Azərbaycan əsgəri Ermənistan tərəfindən saxlanılıb. Amma gəlin tələsməyək. Hərtərəfli araşdırma aparılsın. Araşdırmanın nəticələrinə uyğun olaraq hansısa konkret fikir irəli sürmək olar. Baxın, detallar yazırlar ki, Ermənistanda hansısa qadının evində qalıb, sonra qadını bıçaqlayıb. Əlbəttə ki, burada bəzi suallar yaranır. Niyə qadını bıçaqlamalıdır? Yəni Azərbaycan əsgəri o dərəcədə qəddar deyil. Bu, bir. İkincisi də, indi Azərbaycan əsgərini o formada təqdim etmək istəyirlər ki, guya ona şərait yaradılıb, yemək verilib, qonaq kimi əzizlənib, amma Azərbaycan əsgəri belə vəhşilik edib. Mən yenə də deyirəm ki, bu, sırf Azərbaycan Ordusunu, Azərbaycan əsgərini gözdən salmaq üçün düşünülmüş versiyalardan biridir".

Ekspert vurğuladı ki, ona görə də bu cür versiyaları tirajlamaq yolverilməzdir:

"Başa düşmək lazımdır ki, Azərbaycan əsgərinin hansı şəraitdə əsir düşdüyünü və yaxud necə o tərəfə keçdiyini, yenə deyirəm, yalnız araşdırma müəyyənləşdirə bilər. Biz uzaqda olan insanlar bunun haqqında yalnız fərziyyələr irəli sürə bilərik. Əlbəttə ki, onun Azərbaycana qaytarılması, yəni əgər azıb keçibsə, yəqin ki, təmin olunacaq. Ermənistan tərəfi ilə Azərbaycan tərəfinin belə bir razılaşması var və biz dəfələrlə bunun şahidi olmuşuq. Yox, əgər o, Azərbaycana qayıtmaq istəməsə, bu artıq başqa bir vəziyyət yaradır. İstənilən halda fakt üzrə cinayət işi açılmalıdır və açılıb. Araşdırmaların nəticələrinə uyğun olaraq buna hüquqi qiymət veriləcək. Deyə biləcəyim hələlik bunlardır. Azərbaycana onun verilməsi ilə bağlı, düşünmürəm ki, problem olsun. Amma hiss olunur ki, “kimisə bıçaqladı”, “kiməsə hücum etdi” kimi məlumatlar yayılırsa, deməli, ortada başqa nüanslar, başqa məqsədlər də var".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən