“HÜRKUŞ-2” Azərbaycana niyə lazımdır? - General səbəbləri AÇIQLADI

 15:30 02.10.2026     148

Türkiyənin “Turkish Aerospace” şirkətinin Azərbaycan üçün istehsal etdiyi yeni nəsil təlim təyyarəsi ilk dəfə ADEX-2026-da nümayiş olunur. Əlavə olaraq, Türkiyə Azərbaycan üçün 14 ədəd “HÜRKUŞ-2” təyyarəsi istehsal edəcək.

HÜRKUŞ-2-nin Azərbaycan üçün istehsal olunması Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişafı baxımından nə ifadə edir?

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a bildirdi ki, “HÜRKUŞ-2”nin Azərbaycan üçün istehsalı sadəcə 14 təyyarənin alınması kimi deyil, Azərbaycan-Türkiyə hərbi inteqrasiyasının təlim, doktrina və müdafiə sənayesi səviyyəsində dərinləşməsinin konkret göstəricisi kimi qiymətləndirilməlidir:

“ADEX-2026 çərçivəsində TUSAŞ ilə Azərbaycan arasında 14 “HÜRKUŞ-2” təlim təyyarəsinin tədarükü üzrə müqavilə imzalanıb və Türkiyə Müdafiə Sənayesi Başqanı Haluk Görgün ilk çatdırılmaların 2026-cı il ərzində həyata keçiriləcəyini bildirib. Eyni paketdə digər müdafiə sistemləri üzrə müqavilə və razılaşmaların ümumi dəyəri 500 milyon dolları keçir”.

Müsahibimiz əlavə etdi ki, strateji baxımdan bunun 5 əsas mənası var:

“Birincisi, iki ölkənin Hərbi Hava Qüvvələrinin hazırlıq sistemlərinin yaxınlaşmasıdır. “HÜRKUŞ-2” müasir rəqəmsal kokpitə malik yeni nəsil təlim platformasıdır və pilotun ilkin təlimdən reaktiv təlim təyyarəsinə, oradan isə müasir döyüş təyyarəsinə keçidini asanlaşdırmaq məqsədi daşıyır. Bu, gələcəkdə Azərbaycan və Türkiyə pilotlarının hazırlıq metodologiyası, təlim standartları və əməliyyat mədəniyyətinin daha da yaxınlaşmasına şərait yarada bilər.

İkincisi, Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsində mühüm həlqədir. Azərbaycanın JF-17 Block III kimi yeni döyüş platformalarını inventara daxil etdiyi bir mərhələdə pilot hazırlığı sisteminin də yeni nəsil standartlara uyğunlaşdırılması vacibdir. HÜRKUŞ-II məhz ilkin və əsas hazırlıq ilə daha yüksək səviyyəli reaktiv hazırlıq arasında körpü rolunu oynaya bilər.

Üçüncüsü, münasibətlər “silah alan-silah satan” modelindən daha geniş sənaye əməkdaşlığına keçir. ADEX-2026-da yalnız HÜRKUŞ müqaviləsi deyil, Azərbaycan və Türkiyə arasında təhsil, Ar-Ge, universitet-sənaye əməkdaşlığı, yerli istehsal və digər müdafiə layihələri üzrə də sənədlər imzalanıb. Haluk Görgün bunu mühəndislərin birlikdə hazırlanması, yerli istehsal və ortaq layihələrin genişləndirilməsi istiqaməti kimi təqdim edib.

Dördüncüsü, Şuşa Bəyannaməsində müəyyən edilmiş müttəfiqlik münasibətlərinin hərbi-texniki bazasını genişləndirir. Birgə təlimlər və əməliyyat uyğunluğu ilə yanaşı, eyni və ya bir-birinə uyğun platformaların, təlim sistemlərinin və texnologiyaların istifadəsi iki ordunun qarşılıqlı fəaliyyət qabiliyyətini praktik səviyyədə artırmağa xidmət edə bilər.

Beşincisi, Türk müdafiə sənayesinin Azərbaycan üçün strateji təchizat mənbəyi kimi rolunun artdığını göstərir. ADEX-də HÜRKUŞ-la yanaşı MIZRAK ağıllı dolaşan sursatı, ANTİDOT sistemləri, BARBAROS sahil müdafiə sistemi və ALP-100 radarları üzrə də müqavilə və memorandumların elan edilməsi əməkdaşlığın tək bir platformadan ibarət olmadığını göstərir. Buna görə “HÜRKUŞ-2” layihəsini “14 təyyarəlik satınalma”dan daha geniş çərçivədə görmək lazımdır”.

Generalın sözlərinə görə, bu layihə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığında üç xəttin – ortaq təlim, texnoloji uyğunluq və müdafiə sənayesi əməkdaşlığının – eyni nöqtədə birləşməsini göstərir.

“Strateji perspektivdə əsas məsələ təyyarələrin özündən də çox, onların ətrafında yaradılacaq pilot hazırlığı, texniki personalın təlimi, logistika, texniki xidmət və mümkün gələcək sənaye əməkdaşlığı ekosistemidir. Bu istiqamətlər inkişaf edərsə, “HÜRKUŞ-2” Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında uzunmüddətli qarşılıqlı fəaliyyət qabiliyyətinin elementlərindən birinə çevrilə bilər”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən