"Gürcüstan Azərbaycanın separatizmlə mübarizə yolunu dərindən öyrənir" - Ədalət Verdiyev

 14:58 02.10.2026     70

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuşada Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın regionda sülh və təhlükəsizliyə töhfəsi vurğulanıb, birgə təlimlərin intensivləşdirilməsi və müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, Azərbaycan ilə Gürcüstan arasında bütün sahələrdə, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müsbət dinamika üzrə inkişaf edir:

"Hər iki qonşu ölkə arasında mehriban və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurulub. Bu münasibətlər regional sabitliyin və təhlükəsizliyin təmin olunmasına da töhfə verir. Gürcüstan Müdafiə Nazirliyinin Şuşaya səfər etməsi, azərbaycanlı həmkarını qələbə münasibətilə təbrik etməsi bir daha onu göstərir ki, Gürcüstan da uzun illər Rusiya işğalından əziyyət çəkən bir ölkə kimi Azərbaycanın Vətən müharibəsi dövründə qısa müddətdə 30 illik işğala son qoymasını, təbii ki, alqışlayır. Paralel olaraq, Azərbaycanın separatizmlə mübarizədə təqdim etdiyi yol xəritəsini Gürcüstan tərəfi kifayət qədər dərindən mənimsəməyə çalışır".

Müsahibimiz nəzərə çatdırdı ki, keçirilən ikitərəfli və üçtərəfli təlimlər mühüm əhəmiyyət kəsb edir:

"Bildiyiniz kimi, Azərbaycanın əsas neft və qaz boru xətləri Gürcüstan ərazisindən keçir. Odur ki, enerji resurslarının daşınması üçün müstəsna əhəmiyyət daşıyan bu enerji xətlərinin qorunması və mühafizəsinin gücləndirilməsi hər iki qonşu ölkə üçün prioritet vəzifələrdəndir.

Ona görə də bu məsələlərin razılaşdırılması, digər tərəfdən üçtərəfli, yəni Azərbaycan-Türkiyə-Gürcüstan formatında əməkdaşlığın inkişaf etdirilməsi, regional sülhün və təhlükəsizliyin qorunması, münasibətlərin daim yüksək səviyyədə saxlanılması, əlaqələrin inkişaf etdirilməsi və hərbi əməkdaşlığın genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğundur.

Regional və beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına yönələn istənilən görüşü, istənilən müzakirəni mən müsbət qiymətləndirirəm. Çünki sülh yoxdursa, deməli, ortada heç nə yoxdur. Buna görə də biz sülhü və təhlükəsizliyi daim prioritet məsələ olaraq Azərbaycan tərəfinin gündəmində saxlayırıq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən