Müdafiə nazirinin müavini "ADEX 2026" sərgisində görüşlər keçirdi - FOTO
Oktyabrın 2-də Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək məqsədilə ölkəmizə gəlmiş Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Nazirliyinin nümayəndəsi Beynəlxalq təhlükəsizlik məsələləri və Müharibə siyasəti üzrə ABŞ müdafiə nazirinin müavininin ofisinin rəhbəri Qreq Soyerlə görüşüb.
Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Baş direktor A.Qurbanov görüşdə ölkəmizin ABŞ dövləti ilə bütün sahələrdə olduğu kimi hərbi quruculuq məsələlərində əməkdaşlığa önəm verdiyini, həmçinin hərbi qulluqçularımızın sülhməramlı əməliyyatlarda uğurlu iştirakını qeyd edib.
Ölkəmizə səfərindən və göstərilən qonaqpərvərlikdən məmnunluq bildirən cənab Q.Soyer ölkələrimiz arasına müdafiə, təhlükəsizlik və hərbi-texniki məsələlərdə əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə edib.
Tərəflər yeni nəsil texnologiyalar bazalarının təkmilləşdirilməsi, müdafiə məqsədilə istifadə edilən müasir texniki avadanlıqların və qurğuların istehsalı sahəsində təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər, həmçinin hərbi-texniki əməkdaşlığımızın inkişaf sahələri və digər texniki məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.
Görüşdə ABŞ-nin Azərbaycandakı səfirliyi nəzdində Hərbi Qrupun rəisi II dərəcəli kapitan Kristofer Familetti də iştirak edib.
Sərgi çərçivəsində Baş direktor A.Qurbanov Rumıniya Prezidentinin milli təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka və Cənubi Koreya Nazirliyinin müdafiə satınalmaları Proqramı Administrasiyasının Baş direktoru, Qabaqcıl Texnologiyalar Proqramı Departamentinin rəhbəri Geunyung Park ilə də görüşlər keçirib.
Tərəflər pilotsuz uçuş aparatlarının, suüstü silahlı insansız katerlərin və dəniz aparatlarının istehsalı, eləcə də müdafiə sənayesində qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.


















