“İranın buna razı olacağı gözlənilən deyil” - ABŞ-nin müharibə planı ilə bağlı AÇIQLAMA

 12:54 07.10.2026     117

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens "Reuters"ə müsahibəsi zamanı deyib ki, İran hakimiyyəti ABŞ ilə müharibəyə son qoymaq üçün uranın zənginləşdirilməsi üzrə imkanlarını əhəmiyyətli dərəcədə azaltmalıdır.

ABŞ-nin İranın zənginləşdirmə imkanlarının məhdudlaşdırılmasını əsas şərt kimi irəli sürməsi müharibənin taleyinə necə təsir edə bilər?

Hərbi eksperti Ədalət Verdiyev Redaktor.az-a açıqlamasında bildirdi ki, İranla müharibənin başlanmasına əsas səbəb məhz İranın nüvə silahı əldə etmək istiqamətində atdığı addımlar olub:

“Mülki nüvə reaktorlarında 3-5%-lik zənginləşdirmə, tibbi sahədə isə 20%-lik zənginləşdirməyə ehtiyac olduğu halda, İranın 60%-lik uran zənginləşdirməsini əldə etməsi onun yaxın perspektivdə nüvə silahına malik olmasına dair ciddi şübhələr yaradırdı və məhz buna görə müharibə başlayıb. İndi ABŞ tərəfi də bu müharibəni başa çatdırmaq üçün İranın uranın zənginləşdirilməsi üzrə imkanlarının əhəmiyyətli dərəcədə azaldılmalı olduğunu bildirir. Bu isə o deməkdir ki, 60 və daha yuxarı faizlə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməlidir. Digər tərəfdən isə yüksək faizli zənginləşdirmə üçün mövcud olan İran sentrifuqalarının və İranın elmi nüvə mərkəzlərinin fəaliyyətinin dayandırılması, onların bundan sonrakı taleyinin isə mütləq beynəlxalq təşkilatların, o cümlədən MAQATE-nin nəzarəti altında olması lazımdır. Əks halda, ABŞ-nin İranla müharibəsinin başa çatmasını gözləmək olmaz”.

Onun sözlərinə görə, hətta İranın zənginləşdirmə imkanlarının bir qədər məhdudlaşdırılması belə bu müharibənin başa çatacağını deməyə əsas vermir:

“Çünki uran zənginləşdirməsi imkanlarının əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına İranın da razı olacağı gözlənilən deyil. Ona görə də yaxın perspektivdə ABŞ bu müharibəni daha çox iqtisadi müstəvidə davam etdirəcək. SEPAH-ın Hörmüz boğazında və ya digər ərazilərdə atəş açmasına, yaxud da təxribat törətməsinə isə ABŞ aviasiya və ya raket zərbələri ilə cavab verəcək. Hazırda ABŞ-nin də regiona əlavə və yeni qüvvələr cəlb etməsi məhz yaxın perspektivdə müəyyən hərbi əməliyyatların keçiriləcəyini deməyə əsas verir”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən