Paşinyanın sülh planı və 102-ci Rusiya bazası: Üzeyir Cəfərov nə deyir?

 12:28 20.10.2026     155

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ildə imzalanacağı barədə açıqlaması, məncə, sadəcə olaraq, prosesə kənar oyunçuların müdaxilə etməsinin qarşısını almaq məqsədi daşıyır. Hesab edirəm ki, sülh müqaviləsi çox tezliklə imzalanacaq".

Bu fikirləri Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov səsləndirdi. Onun sözlərinə görə, ən azı 2027-ci ildə, yəni gələn il sülh müqaviləsinin imzalanması real görünür:

"Artıq ilin onuncu ayındayıq. Gələn il sülh müqaviləsinin imzalanması, Ermənistan-Türkiyə sərhədlərinin açılması və digər məsələlərin həlli mümkün ola bilər. 2031-ci il tarixinin səsləndirilməsinin səbəbi bəzi ölkələrin özlərinə müəyyən mənada imic qazanmaq istəməsidir. Onlar sülh müqaviləsinin öz ərazilərində imzalanmasına çalışırlar. Məsələn, Moskva, Vaşinqton, Paris və digər mərkəzlər bu məsələdə maraqlı ola bilər. Ona görə də düşünürəm ki, Nikol Paşinyan Azərbaycan Prezidenti ilə sülh müqaviləsini daha tez imzalayacaq. Şəxsən mən müqavilənin imzalanmasının 2031-ci ilə qədər uzanacağını düşünmürəm. Doğrudur, 2031-ci ilə qədər Ermənistanın həll etməli olduğu müəyyən məsələlər var. Bunlara referendumun keçirilməsi, Konstitusiyaya dəyişiklik edilməsi, ərazi iddialarından imtina və digər məsələlər daxildir.

Ancaq eyni zamanda unutmamalıyıq ki, Ermənistana müəyyən təzyiqlər var və ölkə müxtəlif prosedurları həyata keçirir. Ermənistan Avropa institutları və Qərb mərkəzləri ilə də müəyyən işlər aparır. Kənar müdaxilələrdən özünü sığortalamaq üçün bəzi vacib addımlar atmalıdır. Bu baxımdan, sülh müqaviləsinin 2031-ci ildə imzalanacağı barədə fikrin, məncə, prosesə müdaxilə etmək istəyən digər maraqlı qüvvələrin qarşısını almaq məqsədilə səsləndirilməsi mümkündür. Buna görə də hesab edirəm ki, sülh müqaviləsi daha tez imzalanacaq".

Polkovnik buna misal olaraq Ermənistandakı 102-ci Rusiya hərbi bazasının taleyi ilə bağlı məsələni də göstərdi:

"Nikol Paşinyan və komanda üzvləri bir müddət bu barədə heç nə demirdilər. Ancaq müəyyən vaxtdan sonra məlum oldu ki, Ermənistan artıq 102-ci bazaya ehtiyac duymur və onun çıxarılması məsələsi gündəmə gəlib. Ona görə də hesab edirəm ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması məsələsi 2031-ci ilə qədər uzanmayacaq".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən