“Filologiya və fəlsəfə üzrə magistr təhsilinin orduya hansı faydası var?” - Siyavuş Novruzov

 12:33 23.10.2026     403

“Bu cür qanun layihələrinin qəbul olunması (“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi - red.) ordumuzun güclənməsinə, onun intellektual səviyyəsinin artmasına xidmət edir. Fəaliyyətimiz dövründə sübut olundu ki, intellektual səviyyəsi yüksək olan ordunun gücü digər ordularla müqayisədə daha böyükdür. Bu, istər texnologiyaların idarə olunmasında, istərsə də digər məsələlərin həllində özünü göstərir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov bildirdi.

Onun sözlərinə görə, bütün müharibə və döyüşlərdə əsas amil insan faktorudur:

“44 günlük Vətən müharibəsində, Azərbaycan ərazilərinin azad olunmasında və suverenliyimizin bərpasında qəhrəman Azərbaycan əsgərinin rolunun əvəzolunmaz olduğunun şahidi olduq. Hansı texnikadan istifadə edilməsindən asılı olmayaraq, insan faktoru aparıcı rol oynayır. Ordunun əsasını məhz insan faktoru təşkil edir. Bu baxımdan, hərbçilərin seçilməsi və hazırlanması, onların rütbələrinin artırılması, müxtəlif təlimlərin və tədris proseslərinin təşkili insan resurslarının daha da inkişafına xidmət edən amillərdəndir.

İkinci məsələ orduda hərbi qulluqçuların iki əsas kateqoriyaya bölünməsi ilə bağlıdır. Bunlardan biri çağırış, digəri isə müqavilə əsasında xidmət edən hərbi qulluqçulardır. Bu qanun layihəsinə təklif olunan düzəlişdən belə aydın olur ki, dəyişikliklər əsasən çağırış əsasında xidmət edənlərə şamil olunacaq. Müqavilə əsasında xidmət edənlərin xidmət müddətində alacaqları əməkhaqqı, gələcəkdə tutacaqları vəzifələr və digər məsələlər isə müqavilələrində əks olunur.

Deputat təhsil formalarına da toxunaraq magistratura, doktorantura və digər təhsil pillələrinin ordu ilə əlaqəsinin nəzərə alınmasının vacibliyini vurğuladı:

“Burada magistratura, doktorantura və digər təhsil pillələri nəzərdə tutulur. Ancaq düşünürəm ki, bu sahələr üzrə təhsilin ordu ilə əlaqəsi də nəzərə alınmalıdır. Məsələn, filologiya və ya fəlsəfə üzrə magistr təhsilinin orduya hansı fayda verəcəyini müəyyənləşdirmək lazımdır. Digər tərəfdən, riyaziyyat, fizika, kimya, coğrafiya və bir sıra başqa sahələr var ki, onlar həm hərbi texnikanın istifadəsi, həm də ordunun gələcək fəaliyyət istiqamətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Buna görə də hansı ixtisasların bu sistemə daxil ediləcəyinin müəyyənləşdirilməsi və tənzimlənməsi vacibdir”.

Siyavuş Novruzov bildirdi ki, əsas məsələlərdən biri də hərbi xidmətin təşkili ilə bağlı qanunvericiliyin yenilənməsidir:

“Hesab edirəm ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunla yanaşı, hərbi xidmətkeçmə qaydalarını müəyyən edən normativ sənədlər də müasir tələblərə uyğunlaşdırılmalıdır. Biz demək olar ki, hər iclasda mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edirik. Məncə, Vətən müharibəsindən sonra yeni reallıqları nəzərə alan, hərbi xidmətin bütün istiqamətlərini əhatə edən yeni qanun layihəsi hazırlanmalıdır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən