İran Azərbaycanla sərhəddə raket qurğuları yerləşdirir: Bakı üçün təhlükə varmı? - AÇIQLAMA
İranın Azərbaycanla sərhəd ərazilərinə ballistik raket buraxılış qurğuları yerləşdirdiyi barədə məlumatlar yayılıb. Məlumata görə, son günlər İran Araz çayının cənub sahilində hərbi mövcudluğunu gücləndirib. Sosial şəbəkələrdə yayılan fotolarda ballistik raket buraxılış qurğusu olduğu ehtimal edilən texnika və bir neçə hərbi nəqliyyat vasitəsinin əks olunduğu bildirilir. Bununla yanaşı, İranın dövlət mediası ölkənin ali rəhbəri Müctəba Xameneinin yüksək rütbəli hərbi komandirlərlə görüşü barədə məlumat yayıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, İran öz sərhədləri daxilində istədiyi addımı ata bilər və bu normaldır:
"Necə ki, biz Azərbaycan olaraq öz sərhədlərimiz daxilində istənilən qərarı veririk və bu qərarın kiməsə nə dərəcədə aidiyyəti olması bizi maraqlandırmır. Bir qədər kobud desək, buna başqalarının qarışmasına ehtiyac yoxdur. Eyni qaydada, İran Azərbaycanla sərhəddə ballistik raket buraxılış qurğuları yerləşdirirsə, deməli, bunun müəyyən məqsədləri var. Bunu birbaşa Azərbaycana təhdid kimi qiymətləndirmək doğru deyil. Bilirsiniz ki, İran hazırda həm İsraillə, həm də ABŞ ilə müharibə şəraitindədir. Azərbaycanın İrana qarşı hər hansı təhlükəsi olmayıb, yoxdur və olmayacaq. Bunu dəfələrlə dövlət başçısı, Müdafiə Nazirliyinin rəhbərliyi və ümumilikdə güc strukturlarının rəhbərləri bəyan ediblər. Ona görə də ballistik raketlərin və ya onların buraxılış qurğularının məhz Azərbaycana qarşı yerləşdirildiyini düşünmək, məncə, doğru yanaşma deyil".
Polkovnik sosial şəbəkədə yayılan görüntülərdən də bəhs etdi:
"Sosial şəbəkələrdə yayılan görüntülərə gəlincə, bilirsiniz ki, süni intellekt vasitəsilə də müəyyən materiallar hazırlanır. Bununla yanaşı, reallıqla müəyyən bağlılığı olan fotolar da paylaşılır. Ancaq hesab edirəm ki, Müctəba Xameneinin bu günlərdə ali hərbi komandanlığa verdiyi göstəriş sırf ABŞ və İsrailin İrana yenidən hücumu ehtimalı ilə bağlıdır. Böyük ehtimalla, Azərbaycanla sərhəddə yerləşən ərazilərdəki ballistik raket buraxılış qurğuları da məhz bu məqsədlə yerləşdirilib.
Hər bir ölkə öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün müəyyən qərarlar verir. Məlumat doğrudursa, bir daha qeyd edirəm ki, bunun Azərbaycan üçün hər hansı təhlükə yaratdığını düşünmürəm. Hətta İran bu qurğuları yerləşdirsə belə, biz nə deyəcəyik? Qarşı tərəf də bildirə bilər ki, bu, öz sərhədləri daxilində gördüyü işdir. Ona görə də əsas məqsəd İranın müdafiəsini və təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir. Bu addımı Azərbaycana əzələ nümayişi kimi qəbul etmək doğru olmaz".

Ekspertin sözlərinə görə, İran artıq bilir ki, ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan ərazisindən guya sionistlərin və NATO-nun İrana qarşı istifadə etmək niyyətində olması ilə bağlı müxtəlif iddialar, bəzən də "faktlar" ictimailəşdirilir:
"Ancaq hər dəfə bu məlumatların feyk olduğu, həqiqəti əks etdirmədiyi ortaya çıxır. Sadəcə olaraq, İranın ali dini rəhbəri ölkəsinin növbəti təhlükələrə hazır olması ilə bağlı göstəriş verib. Buna görə də ölkə ərazisinin müxtəlif nöqtələrində müəyyən işlər görülür. Həmin ərazilərdən biri də Azərbaycanla sərhəd bölgələridir. Ancaq bunu sırf Azərbaycanla əlaqələndirmək düzgün deyil. Bir daha deyirəm ki, bunu Azərbaycan üçün hər hansı təhlükə hesab etmirəm. Çünki biz də müəyyən hərbi təlimlər keçirir, silah-sursat alırıq. O zaman belə çıxır ki, bütün bunları İrana, Ermənistana və ya digər ölkələrə qarşı edirik? Mən belə düşünmürəm. Hər bir dövlətin öz müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün atmalı olduğu addımlar var. Ermənistan da dəfələrlə, hətta torpaqlarımız işğal altında olduğu dövrdə belə, Azərbaycanı müxtəlif məsələlərdə günahlandırırdı. Ancaq biz heç vaxt gizlətməmişik ki, gördüyümüz bütün işlər sırf müdafiəmizi və təhlükəsizliyimizi etibarlı şəkildə təmin etmək məqsədi daşıyır".
NURİYYƏ













