“Britaniya ilə əməkdaşlıq müdafiə sektorumuza yeni güc verəcək” - Polkovnik DANIŞDI
"Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə mühüm sənəddir və bu sənədin bir çox aspektləri diqqəti cəlb edir. Həmin aspektlərdən biri də hərbi və müdafiə sahəsi ilə bağlı məsələlərdir. Azərbaycan artıq xeyli müddətdir ki, Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq edir".
Bunu Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi. O əlavə etdi ki, hər iki ölkə bir-birində ən yüksək hərbi səviyyədə təmsil olunur, hərbi attaşeləri fəaliyyət göstərir:
"Artıq Böyük Britaniya Azərbaycanda öz hərbi attaşeliyini təsis edib. Bundan əvvəl Britaniyanın hərbi attaşeləri başqa ölkələrdə fəaliyyət göstərirdilər. İndi isə onlar daimi əsaslarla Azərbaycandadırlar və Azərbaycanın Müdafiə Nazirliyi, eləcə də digər müvafiq strukturları ilə birbaşa əməkdaşlığı koordinasiya edirlər. Əlbəttə ki, imzalanmış sənəd hər iki ölkə üçün önəmlidir. Azərbaycan hərbçiləri Böyük Britaniya hərbçilərinin müdafiə sahəsindəki bilik və bacarıqlarından yararlanacaqlar. Eyni zamanda, bizim zabitlərimiz və digər hərbi qulluqçularımız Böyük Britaniyada müdafiə sahəsində təcrübə keçəcək, müxtəlif kurslarda iştirak edəcəklər. Bu da əməkdaşlığın daha da gücləndirilməsi baxımından önəmli məsələlərdən biridir. Əməkdaşlığın gücləndirilməsinin regiondakı hərbi-siyasi balansa təsirinə gəlincə, hesab edirəm ki, hər bir ölkənin öz müdafiə maraqları var".
Polkovnik Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından bu əməkdaşlığın əhəmiyyətini də vurğuladı:
"Azərbaycanın da Böyük Britaniya ilə imzaladığı sənəddə hər iki tərəf bir-birinin müdafiə qabiliyyətini gücləndirmək üçün planlar hazırlayır və zəruri addımlar atır. Ona görə də hesab edirəm ki, Britaniya ilə imzalanmış bu sənəd Azərbaycanın müdafiə və təhlükəsizlik sektoruna əlavə töhfə verəcək, ona yeni güc qazandıracaq. Tərəflər bundan sonra əməkdaşlığı daha da genişləndirəcəklər. Şəxsən mən bu əməkdaşlığa çox sevinirəm. Çünki bu əməkdaşlıq bizim üçün son dərəcə vacib və zəruridir. Böyük Britaniyanın çox böyük hərbi ənənələri və təcrübəsi var. Onun müdafiə sahəsindəki üstünlükləri bizim üçün də faydalı ola bilər və biz bu təcrübədən yararlana bilərik. Yəqin ki, bundan sonra da yararlanacağıq".
Ekspert vurğuladı ki, Azərbaycan Cənubi Qafqazda onsuz da kifayət qədər diqqət mərkəzindədir:
"Son müharibədən qalib çıxmış dövlət kimi ölkəmiz həm Böyük Britaniyanın, həm də digər Avropa ölkələrinin diqqətini cəlb edir. Onlar Azərbaycanın nüfuzundan və imkanlarından yararlanmaq istəyirlər və artıq yararlanırlar. Ona görə də düşünürəm ki, Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə hərbi sahədə əməkdaşlığa da çox böyük təkan verəcək və mühüm rol oynayacaq".
Üzeyir Cəfərov dünyada mövcud olan ümumi təhdidlərə qarşı mübarizədə iki ölkənin birgə fəaliyyət imkanlarından da danışdı:
"Ümumi təhdidlərə gəlincə, bu gün dünyada çoxsaylı təhdidlər mövcuddur. Əlbəttə ki, Azərbaycan dünyada baş verən proseslərdə öz milli maraqları ilə üst-üstə düşən məsələlərdə Böyük Britaniyanın atacağı addımları dəstəkləyəcək. Həmin təhdidlərin qarşısının alınması üçün Britaniya ilə birlikdə ortaq planlar həyata keçirilə bilər".
Onun sözlərinə görə, indiyədək Böyük Britaniya Azərbaycan hərbçilərinin hazırlanmasında çox böyük rol oynayıb və bu məsələyə xüsusi önəm verib:
"Təkcə bir faktı xatırladım: hər il Böyük Britaniyada kralın doğum günü münasibətilə keçirilən tədbirlərdə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi, Azərbaycan dövlətini təmsil edən şəxs kimi, dəfələrlə iştirak edib. Azərbaycan Böyük Britaniyada həm mərhum Kraliça II Yelizavetanın, həm də hazırkı Kral III Çarlzın doğum günləri və milli bayramlarla bağlı tədbirlərdə ən yüksək səviyyədə təmsil olunur. Böyük Britaniya cəmiyyəti də Azərbaycana xüsusi maraq və rəğbət göstərir".
Polkovnik Azərbaycan-Böyük Britaniya münasibətlərinin formalaşmış ənənələrə söykəndiyini qeyd etdi:
"Bu baxımdan hesab edirəm ki, Azərbaycanla Böyük Britaniya arasında imzalanmış sənəd illərin və zamanın sınağından keçmiş münasibətlərin nəticəsidir. Tərəflər də məhz bu münasibətlərə əsaslanaraq belə bir qərar qəbul ediblər".
Xədicə BAXIŞLI













