Kibertəhlükəsizlik və süni intellekt bilən gənclər orduda necə xidmət edəcək? - Polkovnik DANIŞDI
Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin hərbi xidmət müddətində bilik və bacarıqlarından daha səmərəli istifadə olunması məqsədilə yaradılan intellektual bölmələrin fəaliyyət istiqamətləri genişləndirilir.
Nazirliyin yaydığı məlumatda bildirilib ki, yeni mərhələdə yalnız yüksək akademik göstəricilərə deyil, həm də kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma və robototexnika kimi texnoloji sahələrdə peşəkar biliklərə malik çağırışçılara üstünlük veriləcək.
Yeni mərhələdə intellektual bölmələrə seçim meyarlarının genişləndirilməsi hərbi xidmət sistemində hansı dəyişikliklərə səbəb olacaq? Xüsusilə, texnologiya və İT sahəsində bilikləri olan gənclərin hərbi xidmət zamanı öz ixtisasları üzrə fəaliyyət göstərməsi və qazandıqları təcrübədən ordunun müdafiə qabiliyyətinin gücləndirilməsində istifadə olunması baxımından bu layihənin əhəmiyyəti nədir?
Hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Redaktor.az-a bildirdi ki, Azərbaycanda bu mövzu ilə bağlı bir qədər yanlış yanaşma var:
"Yüksək bal toplayan, intellektual potensiala malik gənclər təkcə Müdafiə Nazirliyi sistemində xidmət etmirlər. Onlar eyni zamanda Dövlət Sərhəd Xidmətində, Daxili Qoşunlarda, Fövqəladə Hallar Nazirliyində və digər güc strukturlarında hərbi xidmət keçirlər. Bu, yanlış təqdimatdır. Üstəlik, burada mətbuatın heç bir günahı yoxdur. Problem qanunvericilik orqanının məsələyə yanaşması ilə bağlıdır.
Məsələn, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində hərbi qulluqçuların maaş və pensiyaları müzakirə edilərkən yalnız Müdafiə Nazirliyinin adı çəkilir. Bu, qətiyyən düzgün deyil. Söhbət bütövlükdə Silahlı Qüvvələrdən getməlidir.
Yüksək intellektual potensiala malik gənclərdən danışarkən də yalnız Müdafiə Nazirliyi nəzərdə tutulmamalıdır. Söhbət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vasitəsilə hərbi xidmətə çağırılan gənclərin bilik və bacarıqlarından daha səmərəli istifadə edilməsindən gedir".
Ekspert əlavə etdi ki, bu təklif Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru, general Gündüz Əbdülov tərəfindən səsləndirilib və çox yerində təşəbbüsdür. Onun sözlərinə görə, G.Əbdülov bu təşəbbüsü yalnız Müdafiə Nazirliyi ilə məhdudlaşdırmayıb:
"Bütün ölkə miqyasında, digər güc strukturlarını da nəzərə almaqla, yüksək göstəricilərə malik gənclərin kibertəhlükəsizlik, süni intellekt, robototexnika və digər texnoloji sahələrdə bilik və bacarıqlarından istifadə edilməsini təklif edib.
Gündüz müəllim bu sahəni yaxşı bilən mütəxəssisdir. O, Milli Müdafiə Universitetinin rektoru kimi Azərbaycanı bu yaxınlarda ABŞ, Böyük Britaniya və hərb elmi sahəsində xüsusi yeri olan digər ölkələrlə keçirilən təmaslarda təmsil edib, orada yeni və orijinal təkliflər səsləndirib. Bu da bizi sevindirir.
İntellektual bölmələr təkcə Müdafiə Nazirliyində deyil, Dövlət Sərhəd Xidmətində, Daxili Qoşunlarda və digər qurumlarda da mövcuddur".
Polkovnik qeyd etdi ki, bu təşəbbüs ilk növbədə çağırışçı gənclər arasında stimul yaradacaq:
"Gənclər görəcəklər ki, yüksək bal topladıqları, bilik və bacarıqlara malik olduqları təqdirdə, Müdafiə Nazirliyinin mərkəzi aparatında, Baş Qərargahında, Dövlət Sərhəd Xidmətinin və ya Daxili Qoşunların müvafiq qurumlarında xidmət keçə bilərlər.
Gələcəyin gəncləri informasiya texnologiyaları sahəsində biliklərə malik olmalıdırlar. Onlar hərbi xidmət müddətində öz ixtisaslarına uyğun bilik və bacarıqlarını daha da təkmilləşdirə biləcəklər. Bu isə ordunun və bütövlükdə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verəcək.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu gəncləri bütün aidiyyəti qurumlar üçün hərbi xidmətə cəlb edir, onların bilik və bacarıqları barədə müvafiq məlumatları həmin qurumlara çatdırır. Həmin qurumlar da gənclərin potensialından istifadə edir və onların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verirlər".
Xədicə BAXIŞLI













