Ermənilər GİZLİ TƏXRİBATA hazırlaşır? - Vəziyyətə nəzarət olunur

Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında (Ağdamın Uzundərə adlanan ərazisi) hərbi təlimlər keçirir.
Təlim zamanı iriçaplı silahlardan atılan atəş səsləri cəbhə xəttinə yaxın yerləşən Mirəşelli, Bənövşələr, Eyvazlı, Quzanlı kəndlərindən eşidilir.
Maraqlıdır, Ermənistan tərəfi təlimləri niyə məhz indi keçirir və məqsəd nədir?
Məsələ ilə bağlı Redaktor.az-a danışan ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib ki, Azərbaycan Ordusu bu təlimlərə daha irimiqyaslı təlimlərlə cavab verəcək:
“Onlar hər hansı təxribata yol versə, torpaqlarımızı işğaldan azad etmək üçün fürsət yaranacaq. Çox güman ki, ermənilərin keçirdiyi bu təlimlər plan üzrə nəzərdə tutulub. Bunlar həm də daxili auditoriyaya hesablanmış addımlardır. Təlimlərdə ola bilər ki, iriçaplı artilleriya vasitələrindən istifadə olunsun. Ancaq böyük miqyaslı təlimlər keçirmək üçün onların silah-sursatları yoxdur. Erməni tərəfi bu təlimlərlə sadəcə, rəsmi Bakıya mesaj verməyə çalışır”.
Y.Aydəmirov hesab edir ki, ermənilər təlimlər vasitəsilə Azərbaycana qarşı hər hansı təxribata əl ata bilməz:
“Buna cürətləri çatmaz. Çünki Azərbaycan Ordusunun təxribatlara cavabının çox ağır olacağını onlar yaxşı bilir. Hətta ordumuz əks-həmlə deyil, əks-hücum əməliyyatları ilə bu təxribatların qarşısını alar”.
Məsələ ilə bağlı saytımıza hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da açıqlama verib. Polkovnikin sözlərinə görə, hazırda bütün qoşun növləri üzrə döyüş hazırlığı gedir:
“Erməni tərəfinin təlimləri də bu hazırlığın tərkib hissəsi olan planlı təlimlərdir. Təlimlərin müddəti, nə qədər canlı qüvvənin və silah-sursatın olması haqda məlumat yoxdur”.
Polkovnik qeyd edib ki, Ermənistan hər zaman öz təlimlərini işğal altında olan Azərbaycan ərazilərində keçirir:
“Azərbaycan Silahlı Qüvvələri erməni tərəfinin edə biləcəyi hər hansı təxribatın qarşısını almağa hazırdır. Bu gün təxribatlar yox səviyyəsindədir, hansısa istiqamətdə düşmən heç nə edə bilmir. Bütün bunlar, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin həmin ərazilərdə ayıq-sayıqlığının nəticəsidir. Digər tərəfdən, bu təlimlər Azərbaycan Ordusunda narahatlıq yaratmır. Çünki Uzundərədə ermənilərin böyük miqyaslı təlimlər keçirmək üçün imkanları yoxdur. Çox güman ki, bu təlimlər bölük, tabor səviyyəsində keçirilir. Ona görə də, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri üçün burada yeni vəziyyət yaranmayıb. Bölmələrimiz həmin istiqamətdə vəziyyəti izləyir və daim lazım olan tədbirləri görməyə hazırdır”.
Firuzə Vahid/ REDAKTOR.AZ