Ermənilər təşviş içində - Azərbaycan və Türkiyə ordusu BİRLƏŞDİ

 16:20 01.05.2019     889

Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlərin bir məqsədi də separatçıların qorxusunu artırmaq, onları gərgin vəziyyətdə saxlamaqdır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Türkiyə və Azərbaycanın birgə keçirdiyi hərbi təlimlərin düşməndə yaratdığı narahatlıqla bağlı saytımıza açıqlama verib. Polkovnik hesab edir ki, Ermənistanın narahatlığı ümumiyyətlə, Azərbaycanın torpaqlarını işğal etdiyi gündən başlayıb:

“Aprel hadisələri həm beynəlxalq qurumların, həm də Ermənistan cəmiyyətinin bir daha yadına saldı ki, Azərbaycan hər an öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir. Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın birgə fəaliyyəti, keçirilən təlimlər erməniləri narahat etməyə bilməz. Türkiyə ilə Ermənistan arasında olan münasibətlər məlumdur. Rəsmi Ankara dəfələrlə Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyini vurğulayıb”.

Ş.Ramaldanov qeyd edib ki, ümumiyyətlə, istənilən formatda təlimlər Silahlı Qüvvələrin inkişafına təkandır:

“Azərbaycanın NATO-nun ən güclü ordusuna malik ölkəsi olan Türkiyə ilə birgə təlim keçirməsi göstərir ki, Silahlı Qüvvələrimiz və hərbi mütəxəsislərimizin kadr potensialı bu gün inkişaf etməkdədir. Onlar artıq Türkiyə kimi güclü orduya malik dövlətin Silahlı Qüvvələri ilə müştərək hərəkət edirlər. Təlimlərin genişlənməsi iki ölkə hərbçilərinin bölgədə mümkün anti-terror əməliyyatları zamanı yaxşı koordinasiya qura bilməsinə kömək edəcək. Təsadüfi deyil ki, təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması, onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır. Həmçinin, təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibət və anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır”.

Polkovnik hesab edir ki, Ermənistanı Azərbaycan Ordusunun keçirdiyi hər bir tədbir narahat edir:

 "Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında imzalanan sazişə görə, bu cür təlimlər bundan sonra da keçiriləcək. Bu gün başlanan təlimlər sadəcə bunlardan biridir. Bu təlimlər iki qardaş dövlətin ordusunun həm inkişafında, həm döyüş hazırlığını yüksəlməsində əvəzsiz rol oynayır və düşmənin qorxmasına səbəb olaraq qalır”.  

Xatırladaq ki, bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb.

Firuzə Vahid / REDAKTOR.AZ