Ermənilər yenə yalan danışır... - "Təlimlərdə 10 min əsgərin iştirakı reallıq deyil"

 13:51 18.06.2019  103

Ermənilər hərb variantını seçib.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Redaktor.az-a açıqlamasında Ermənistanın Dağlıq Qarabağda 10 minə qədər hərbçi cəlb edərək keçirdiyi təlimi dəyərləndirib. Hərbi ekspert hesab edir ki, indiyə kimi ermənilərin bu sayda şəxsi heyəti və texnikanı təlimlərə cəlb etməsi halı yaşanmayıb:

“25 ildən çoxdur ki, ermənilər danışıqlar masasında konstruktiv mövqe tutmayaraq, bu məsələnin həll yollarını axtarmır. Təkcə bu fakt onların münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərir. Birincisi, bu məsələnin həll yolu sırf Ermənistanın deyil, üçüncü tərəflərin əlindədir. Ermənistan sadəcə həmin dövlətlərin əlində alətdir. Qarabağ münaqişəsinin bu formada saxlanması və həll edilməməsində maraqlı olan qüvvələr var. Digər tərəfdən erməni lobbisi və daha çox Ermənistandan kənarda yaşayan erməniləri cəmiyyətin  pisləşən sosial vəziyyəti, rəsmi İrəvanın regional layihələrdən kənarda qalması nəticəsində iqtisadiyyatın gündən-günə zəifləməsi, silah almağa məcbur olduğu üçün Rusiyanın təsiri altında qalması kimi faktlar narahat edir”.

Ş. Ramaldanov qeyd edib ki, təlimlərdə iştirak edəcək hərbçilər, texnikalarla bağlı deyilən rəqəmlərin həqiqətə uyğun olmadığını düşünür:

“Azərbaycanın son keçirdiyi gecə təlimlərinə 10 min şəxsi heyət cəlb edilmişdi. Ermənilərin bu rəqəmləri təkrarlaması diqqəti cəlb edir. Bunu informasiya müharibəsinə buraxılan dezinformasiya kimi qiymətləndirərdim. Çünki o sayda şəxsi heyətin təlimlərdə iştirak etməyəcəyi ilə bağlı açıqlamalar yayılır. Daha çox erməni cəmiyyətinin Qarabağla bağlı narahatlığını nəzərə alaraq bu rəqəm ortalığa atılmış ola bilər. Ermənistanın təlimlərindən olan videomateriallarla Azərbaycanın keçirdiyi son təlimlərin videomateriallarını müqayisə etsək, erməni mətbuatında yazılanların həqiqətdən uzaq olduğunu görərik. Onların dediyi kimi irimiqyaslı təlimlər videomateriallardakı görüntülərdə nəzərə çarpmır”.

Polkovnik vurğulayıb ki, erməni tərəfi Azərbaycana güc yolundan başqa yol saxlamır:

“Erməni rəhbərliyinin tutduğu mövqe sülh yox, hərb yoludur. Erməni tərəfi Azərbaycanı müharibəyə məcbur etmək istəyir. Bu gün Azərbaycan tərəfindən də son vaxtlar verilən bəyanatlar, atılan addımlar, edilən xəbərdarlıqlar bu prosesin sülhdən hərb yoluna keçməsini göstərir. Gec-tez Ermənistan və Azərbaycan arasında toqquşmalar yaşanacaq. Ölkəmiz işğal altında olan torpaqlarını güc variantını tətbiq edərək azad edəcək, işğalçı qüvvələri darmadağın etməklə ərazi bütövlüyünü bərpa edəcək”.

Polkovnik düşünür ki, bu təlimlərin keçirilməsi həm də xarici işlər nazirlərinin Vaşinqton görüşünə təsir etmək məqsədi güdür.

Xatırladaq ki, Dağlıq Qarabağda separatçı rejim komanda-qərargah təlimlərinə start verib. Təlimə guya 10 minə qədər hərbçi cəlb edilib.  

Firuzə Vahid / REDAKTOR.AZ