Düşmənə güclü zərbə endirmişik? - Z.Həsənov nəyə işarə etdi?

 14:20 19.06.2019     782

Hazırda hərbi əməliyyatların başlanması üçün  beynəlxalq vəziyyət o qədər də münasib deyil.

Hərbi ekspert Heydər Mirzə Redaktor.az-a açıqlamasında Müdafiə naziri Zakir Həsənovun keçirdiyi mətbuat konfransındakı açıqlamalarına münasibət bildirib.

Ekspert hesab edir ki, Z. Həsənov açıqlamalarında önəmli mesajlar verib:

“Onun yaxın günlərdə Ermənistan tərəfinin itkiləri ilə bağlı məlumat yayacaqlarını deməsi təsadüfi deyil. Ümumiyyətlə, hərbçilər və hərbi komandanlıq nümayəndələri mətbuat konfranslarını kiçik də olsa, nailiyyət əldə etdikdən sonra keçirirlər. Yəni düşmənə təsirli zərbələr endirdiyimizi düşünürəm. Z.Həsənov əks-səda dedikdə məhz bu faktları nəzərdə tutur. Bu da erməni mətbuatında son günlərdə gedən əsgər ölümləri xəbərləri ilə dolayı yolla sübut olunur”.

H. Mirzə bildirib ki, müdafiə nazirinin açıqlamalarında sülh danışıqlarının perspektivinin olmadığı hiss olunurdu:

“Sülh danışıqlarının perspektivinin olmaması beynəlxalq vəziyyətin hazırki durumu ilə bağlıdır. Müdafiə nazirinin də açıqlamalarında səsləndirdiyi fikirlər sadəcə bu vəziyyətin əks olunması idi. Onsuz da danışıqların intensivliyinə baxmayaraq, ortada nəticə yoxdur. Amma Zakir Həsənov 1 il bundan əvvəl keçirdiyi mətbuat konfransında dediyi bir fikri yenə də təkrarladı. Bu da təsadüf deyil. Yəni Azərbaycan tərəfi hərbi əməliyyatlara yalnız beynəlxalq vəziyyəti nəzərə alaraq başlayacaq. Hazırda hərbi əməliyyatların başlanması üçün  beynəlxalq vəziyyət o qədər də münasib deyil. Ona görə də, yaxın vaxtlarda bu əməliyyatların baş tutacağını düşünmürəm. Bunlar açıq mənbələrdə deyilən sözlərdir. Ancaq bir şeyi unutmaq olmaz ki, heç bir tərəf öz real strategiyasını öncədən açıqlamır. Yəni Azərbaycan tərəfi bu gün, sabah, gələn həftə, gələn ay, ya da bir il sonra hərbi əməliyyatlara başlasa, bunu indidən elan etməz”.

Ekspert vurğulayıb ki, Ermənistan tərəfinin işğal olunmuş ərazilərdə təlim adı altında aktivliyi daxili siyasi səbəblərlə də bağlı ola bilər:

“Misal üçün, qondarma, işğalçı rejimin müdafiə nazirinin müavini vəzifəsindən uzaqlaşdırılıb. Bu da hələ keçən il Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Paşinyanla qondarma rejim arasındakı siyasi mübarizənin tərkib hissəsi olaraq təhlil olunmalıdır. Yaxud ötən gün düşmən mövqelərində erməni hərbçiləri arasında atışma nəticəsində yaralananlar olub. Yəni vəziyyətin mürəkkəbliyi sadəcə bilavasitə hərbi ölçülərlə deyil, düşmən ölkənin daxili siyasətində gedən proseslərlərlə də izah olunmalıdır”.

Firuzə Vahid / REDAKTOR.AZ