Müharibəyə hazırıq - "Sadəcə, günü bəlli deyil..."

 19:05 19.06.2019     780

Zakir Həsənov ordunu müharibəyə hazırlayır.

Redaktor.az bildirir ki, “Atlas” Araşdırmalar Mərkəzi Azərbaycanın müdafiə naziri Zakir Həsənovun iyunun 18-də keçirdiyi mətbuat konfrasındakı çıxışlarını təhlil edib. Təhlildə bildirilib ki, Zakir Həsənovun da aktivliyini azaltmayaraq Ermənistana mesajlar göndərməsi vacibdir:

“Birincisi, Zakir Həsənov mətbuat konfransında Azərbaycan ordusunun balansında olan hərbi təyyarələr, helikopterlərlə bağlı dedikləri çox önəmlidir.  Azərbaycanın öz hava qüvvələrini təkmilləşdirməyə ona görə ehtiyacı var ki, Rusiya Ermənistanı müasir hərbi təyyarələrlə təhciz edir və Azərbaycan bu sahədə geri qalmamalıdır. Çünki müharibə şəraitində hərbi təyyarələrin və hərbi helikopterlərin rolu böyük olacaq. 1990-cı ilin əvvəlindəki döyüşlərdə hər iki tərəf havaya o qədər təyyarə qaldıra bilmirdi, çünki təyyarə və helikopterləri az idi. İndi isə durum fərqlidir. İkincisi, Zakir Həsənovun orduya yeni silahların alınması ilə bağlı dedikləri də həqiqətə uyğundur. Məsələn, müdafiə naziri bildirdi ki, 2018-ci ildə Azərbaycan ordusunun paradında nümayiş olunan hərbi texnikaların 90 faizi yeni və müasir olub. Kazarmaların böyük əksəriyyətinin yenidən qurulduğu və ya təmir edildiyi də açıqlandı. Bunlar ordu quruculuğunda önəmli addımlar sayılır”.

Təhlildə qeyd edilib ki, Zakir Həsənov Aprel döyüşləri ilə bağlı əvvəllər dediyi bir fikri yenidən təkrarladı:

“Yəni müdafiə nazirinin sözlərindən aydınlaşır ki, rusların müraciəti və müdaxiləsi olmasaydı ordumuz xeyli irəriləyə bilərdi. Onda belə bir sual yaranır: “Eyni vəziyyətdə ermənilər yenə ruslara müraciət etsə biz bu dəfə nə edəcəyik?” Çünki Moskva aprel savaşını dayandırmasının əvəzində Ermənistan hakimiyyətinə təsir edib sülh prosesini intensivləşdirmədi”.

Təhlildə vurğulanıb ki, Zakir Həsənovun mətbuat konfransında “vətən, dövlət, millət məsələlərində digər maraqlar kənara qoyulmalıdır” fikri olduqca maraqlıdır:

“Birinci Qarabağ müharibəsində ermənilər bizim aramızda nifaq saldılar və nəticəsi göz önündədir. Başqa sözlə, 1993-cü ildə Gəncədə qiyam oldu, Sürət Hüseynov qoşunların bir hissəsini Qarabağdan çıxartdı, Bakıda hakimiyyət boşluğu yarandı və bundan düşmən istifadə etdi. Zakir Həsənov Ermənistanın xüsusi xidmət orqanlarının ona qarşı saxta raportlar hazırladığını, onun ermənilərin hədəf dairəsinə düşməsinə də münasibət bildirib. Zakir Həsənovun bu açıqlamasından gəlinən nəticə odur ki, Ermənistan informasiya savaşında Azərbaycana qarşı geniş cəbhə açıb. Bu cür dezinformasiyaların qarşısının alınmasının yeganə yolu ya nazirin özünün, ya da Müdafiə Nazirliyinin mətbuat xidmətinin anında açıqlama verməsidir”.

Təhlildə bildirilib ki, Zakir Həsənov mətbuat konfransı vasitəsilə son aylarda cəmiyyəti narahat edən bir çox məsələyə aydınlıq gətirdi:

“Müdafiə nazirinin açıqlamalarından o da aydın olur ki, danışıqların nəticə verəcəyinə inam azdır. Zakir Həsənov əvvəlki kimi Türkiyə ilə hərbi-strateji əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Bundan başqa Azərbaycan ordusunun hərbi təlimləri ildən ilə artır. O, bu cümlələri işlədərkən belə bir ifadə də səsləndirdi: “Yəqin nə demək istədiyimi anladınız...” Zakir Həsənovun verdiyi açıqlamalar ondan xəbər verir ki, torpaqların müharibə yolu ilə azad olunmasına hazırlıq gedir. Sadəcə, günü və vaxtı hələ bəlli deyil”.

Firuzə Vahid / REDAKTOR.AZ