Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti neytral ərazidən götürülüb

 09:40 24.09.2019     250

Cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyiti neytral ərazidən götürülüb.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, dünən BQXK tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.  

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.//Apa.az