Azərbaycan müharibəyə hazırlaşır? - Generallar cəbhə xəttində...

 13:58 07.05.2020     1644

Bu günlərdə cəbhəboyu zonada yeni hərbi hissənin tikilməsi, sərhəd məntəqələrində hərbi işlərin aparılması, yüksək statuslu general-polkovniklərin cəbhə xəttinə səfəriləri həyata keçirilir.

Cəbhəyanı ərazilərdə yaranmış aktivliyin səbəbi nədri? Bunu müharibəyə hazırlıq kimi qiymətləndirmək olarmı?
Ümumilikdə, bu hərbi hissələrin tikilməsinin nə kimi hərbi strateji üstünlükləri var? 

Hərbi-siyasi icmalçı Ramil Məmmədli Redaktor.az-a danışarkən bildirib ki, cəbhəyanı zonada aktivliyin artması təbiidir. Bu mövzuda Azərbaycan Müdafiə Nazirliyinin bir neçə gün öncə verdiyi tapşırıq da diqqətdən yayınmamalıdır:

"Artıq bir neçə aydır ki, düşmən qoşunların təmas xəttində  aktivliyini artırıb. Bu aktivlik hətta pandemiya dövründə də müşahidə olunur. Qarşı tərəfin bu cür davranışına Azərbaycan tərəfi reaksiyasız qala bilməzdi. Ona görə də Müdafiə Nazirliyi cəbhəboyu zonada nəzarətin gücləndirilməsi üçün müəyyən tədbirlər həyata keçirir. Bu tədbirlər sırasında yüksək rütbəli zabitlərin qoşunların təmas xətti boyunca səfəri ordu birləşmələrinə nəzarətin gücləndirilməsidir. Döyüş qabiliyyətinin artırılması, əks həmlə hücumlarına hazır olmaq, düşmən müdafiəsinin dərinliyində müəyyən əməliyyat tədbirlərinin həyata keçirilməsi müdafiə nazirinin tapşırığından irəli gələn məsələlərdir". 

Ramil Məmmədli: Aprel döyüşlərində ordumuzun qələbəsi Prezident ...

Yeni hərbi hissələrin tikilməsinə də münasibət bildirən Ramil Məmmədli qeyd edib ki, hərbi hissələrdə yenilənmə 2014-cü ildən həyata keçirilir:

"Artıq 2014-cü ildən başlayaraq,  Azərbaycan ordusunun MN tabeliyində olan hərbi hissələrinin yenilənməsi prosesinə başlanılıb. Sovet dövründən, sovet ordusundan qalan bütün hərbi hissələrimiz əsaslı təmir olunub. Və bu əsaslı təmirdən sora xidmət şəraitinin yaxşılaşdırılması üçün ciddi addımlar atılıb. Cəbhəboyu ərazidə yeni hərbi hissələrin tikilməsi mövqelərimizin, müdafiənin gücləndirilməsinə, şəxsi heyətin artırılmasına xidmət edir. Bu isə gələcəkdə Azərbaycan ordusunun işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində atacağı addımların həyata keçirilməsinə hərbi dəstəkdir. Sərhədboyu ərazilərdə hərbi birləşmələrin çoxluğu, ordunun həmin ərazidə güclü olması deməkdir".

Sevda Ulutau / Redaktor.az