Azərbaycan Ordusu bu silahlarla hücuma keçə bilər - TÜRKİYƏ İLƏ MÜQAVİLƏ

 10:11 09.06.2020     1242

"Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanmış, daha sonrakı illərdə isə bu sahədə bir çox digər müqavilələr imzalanıb. Xüsusilə, hərbi və hərbi-maliyyə sahəsində əməkdaşlığa dair imzalanan müqavilələr iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına müsbət töhfə verəcək".

Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycanın Türkiyədən hərbi texnika, silah-sursat almasını şərh edərkən deyib. O bildirib ki, bu silahlar Azərbaycanın hərbi gücünü daha da artıracaq:

“Türkiyə istehsalı olan silahlar, hərbi texnikalar Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki Türkiyə silahlardan antiterror əməliyyatlarında isitifadə edib və uğurlu nəticələr əldə edib. Bu çox önəmli bir faktdır. Çünki silahların, hərbi texniki vasitələrin real döyüşlərdə sınaqdan keçirilməsi və uğurlu nəticələr əldə olunması həmin texnikaların real gücünü ortaya qoyur. Silahın və digər hərbi texniki vasitələrin real döyüş şəraitində sınaqdan keçirilməsi çox vacib məsələdir. Bu baxımdan həmin silahları Azərbaycanın da alması hərbi texniki baxımdan güclənməsi deməkdir”.

Polkovnik həmçinin Dağlıq Qarabağda antiterror əməliyyatları zamanı bu silahların rolundan bəhs edib:

“Sözügedən texnikaların Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli zamanı Azərbayacan tərəfinin gücünü artıracaq. Bu çox önəmli bir məsələdir. Çünki müharibədə müasir hərbi texnikaya sahib olmaqqələbə qazanmaq üçün mühüm amildir. Bu baxımdan düşünürəm ki, bu texnikaların alınması, bizim üçün çox önəmli məsələdir”.

Ş. Ramaldanov qeyd edib ki, Türkiyə və Azərbaycan arasındakı hərbi əlaqələr bir sıra normativ-hüquqi aktlara söykənir:

“Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edir. İki ölkə arasında Yüksək Səviyyəli Hərbi Dialoq İclası qarşılıqlı şəkildə Azərbaycan və Türkiyədə keçirilir.

İki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də birgə hərbi təlimlərin keçirilməsidir. Azərbaycanla Türkiyə arasında keçirilən birgə hərbi təlimlər təkcə Azərbaycan Ordusunun güclənməsinə deyil, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”.

Qeyd edək ki, "İTV Xəbər" Azərbaycanın Türkiyədən İHA, SİHA, ATAK helikopteri və Altay tankları alacağı barədə məlumat yayıb.

Qeyd olunub ki, iki ölkə arasında imzalanan hərbi maliyyə sazişi bunun üçün hüquqi zəmin yaradıb. Artıq imzalanan saziş Milli Məclisdə təsdiq edilib.

Mahir Ələkbərov / Redaktor.az