Millət vəkilindən sərt tənqid: Buna hüquqi qiymət verilməlidir... - AÇIQLAMA

 13:31 18.06.2020     1778

"Nikol Paşinyan özünün keçmiş və gələcək siyasi rəqiblərini həbs etdirir, söz və mətbuat azadlığını məhdudlaşdırır. Bütün bunları aqressiv şəkildə həyata keçirərəkən isə demokratiya pərdəsi arxasında gizlənir, korrupsiyaya qarşı mübarizə apardığını iddia edir".

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Ermənistanda son günlər baş verənlərlə bağlı danışarkən deyib. O, Paşinyanın universal dəyərləri öz repressiya siyasətinə alət etdiyini bildirib:

“Ancaq məsələ bununla da bitmir. Vətəndaş cəmiyyəti institutlarının fəalları, repressiyaya qarşı küçəyə çıxan sadə vətəndaşlar polis tərəfindən kütləvi şəkildə həbs edilir. Artıq 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib. O, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa çağırılıb və həbs ediləcəyi istisna olunmur.

Millət vəkili bildirib ki, N.Paşinyanın atdığı addımlar onu Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxaracaq:

“Əgər işğalçı ölkədəki daxili vəziyyəti qiymətləndirməyə çalışsaq, bunu ikili böhran dövrü kimi xarakterizə edə bilərik. Bunlardan biri pandemiya böhranı, digəri isə siyasi böhrandır. N.Paşinyanın yeganə məqsədi isə ölkədə siyasi repressiyalar həyata keçirməklə öz diktaturasının müddətini uzadıb, totalitar inqilabi diktatura qurmaqdır”.

H. Babaoğlu qeyd edib ki, bütün baş verən bu repressiyalara Qərbin demokratiya institutları heç bir reaksiya göstərmir, işğalçı ölkənin repressiyalarına qiymət vermirlər:

“Beləliklə qlobal ictimai rəydə onun demokratik obrazının yaradılmasına xidmət göstərmiş olurlar ki, bu faktor da nəticə etibarilə Ermənistanın işğalçı yox, demokratik ölkə olması rəyinin yaradılmasına xidmət edir. Bu günə qədər təssüf ki, nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın Ermənistandakı səfiri, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər. Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərahal ölkəmizə qarşı sistemli bir qarayaxma kompaniyası başladıb uzun müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də Qərbin demokratiya institutları üçün əgər doğurdan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə, mütləq Ermənistanda baş verənərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər”.

Mahir Ələkbərov / Redaktor.az