Ordumuz bu istiqamətdən hücuma keçə bilər - İRƏVANA DAĞIDICI ZƏRBƏ...

 17:26 22.06.2020     1348

"Müharibə olarsa, ordumuz İrəvandan Qarabağa gedən strateji yolları, Ermənistan – İran istiqamətindəki nəqliyyat dəhlizini darmadağın edə bilər. Məhz Naxçıvanın 40 kilometirliyində olan İrəvanın hədəfə alınması ehtimalı düşməni daim səksəkədə saxlayır".

Bu sözləri Redaktor.az-a politloq Zaur Məmmədov deyib. O bildirib ki, Azərbaycan hər zaman müharibəyə hazır olmalıdır:

“Ermənistan tərəfi edilən xəbərdarlıqlara baxmayaraq, Qazax və Naxçıvan istiqamətlərindən Azərbaycana qarşı təxribat törətməyə davam edir. Görünən odur ki, onlar hansısa xarici qüvvələrə arxayındırlar. Amma Ermənistan və xarici qüvvələr bilməlidir ki, Azərbaycan boş dayanmır və müharibə olacağı təqdirdə ən sərt şəkildə düşmənə zərbələr endirəcək”.

Politoloq bildirib ki, Azərbaycan strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir:

“Bunun sübutu olaraq, strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır ki, bu da artıq ordumuzda var.

Müdafiə naziri Zakir Həsənovun xüsusilə Naxçıvandakı ordumuz haqqında da danışması, diqqəti ora çəkməsi, heç də səbəbsiz deyildi. Çünki  müharibə başlayarsa, ordumuz məhz Naçxıvandan İrəvana zərbələr endirə bilər.

Z. Məmmədov Azərbaycan xalqının qorxmazlığından və cəsarətindən də bəhs edib:

“Azərbaycanın güclü ordusu, yeni nəsil silahının olması ilə yanaşı, onun vətənpərvər və qorxmaz xalqı da var. Biz buna aprel döyüşlərində bir daha şahid olduq. Amma düşmən tərəfində bunun əksi olaraq, qorxaq, xain və satqın insanlar var. Məhz həmin adamlar aprel döyüşlərində cəbhədən qorxaq kimi qaçırdılar”.  

Politoloq qeyd edib ki, düşmən ona verilən şansdan istiadə edə bilməsə, bunun nəticəsi onlar üçün ağır olacaq:

“Biz hələ ki, Nikol Paşinyana və ümumilikdə Ermənistan hakimiyyətinə vaxt vermişik. Onlar bu şansdan düzgün istifadə edib, işğal altında olan torpaqları danışıqlar yolu ilə Azərbaycana qaytamalıdır. Əgər Paşinyan və ətrafındakılar bundan nəticə çıxarmasa, onlara elə bir zərbə endiriləcək ki, bir daha heç bir ölkənin torpağına göz tikməyə cəsarət edə bilməyəcəklər”.

Mahir Ələkbərov / Redaktor.az