Elmar Məmmədyarovun həmsədrlərlə görüşü olub

Bu gün Xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri, İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik ilə videokonfrans formatında görüşü baş tutub.
XİN-dən Redaktor.az-a verilən məlumata görə, görüşdə tərəflər Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münsqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşma və infrastruktur layihələri daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni fəaliyyət məsələsini qaldırıb.
Həmsədrlər imkan olan ilk fürsətdə iki ölkənin xarici işlər nazirləri arasında birbaşa təmasların qurulmasının əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, sabah ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.