Azərbaycanın müharibə hazırlığı: Ordu ƏMR gözləyir... - Rusiya razı salınıb?

 17:14 30.06.2020     4679

"Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında videokonfrans formatında görüş keçiriləcək. ATƏT-in Minsk Qrupunun görüşü keçirməkdə əsas məqsədi münaqişənin müharibə mərhələsinə keçməsinə mane olmaqdır".

Redaktor.az xəbər verir ki, bu sözləri politoloq Zaur Məmmədov qeyd edib. 

“Bəzi deputatlarımız və ekspertlərimiz münaqişənin həlli üçün açarln Rusiyada olduğunu bildirirlər. Amma Rusiya siyasi təzyiq edərək, erməniləri kompromissə təhrik edə bilməz. Reallıq budur ki, bu gün Ermənistan cəmiyyəti torpaqları özünkü hesab edir və işğal etdikləri torpaqları heç bir təzyiqlə qaytarmaq niyyətində deyil. Belə olan təqdirdə işğala son qoymağın ən real yolu müharibədir. Hazırkı dünyada müharibə etmək “hüququ” hegemon dövlətlərin monopoliyasındadır. Belə olan təqdirdə, bizə lazım olan ərazi bütövlüyümüzü bərpa etdiyimiz zaman, Rusiyanın bunu səssiz qarşılamasıdır. Rəsmi Moskvanın Azərbaycan ordusunun hərbi əməliyyatlara başlamasına müdaxilə etməməsini təmin etməliyik”, - deyə o bildirib. 

Politoloq münaqişənin həlli üçün Bakı - Moskva müzakirələrinin vacibliyini vurğulayıb:

“Qüdrət Həsənquliyevin bu haqda müsahibəsini mətbuatdan oxudum. Doğrudan da, Bakı - Moskva müzakirələri vacibdir. Bunun üçün isə, fəal şəkildə Azərbaycan - Rusiya arasında Qarabağ danışıqlarına ehtiyac var. Bu, heç də asan proses deyil. Rusiyanın geosiyasi maraqlarını, bu dövlətin xarici siyasətlə bağlı qərarlarında XİN institutunun vacib rol oynadığını nəzərə alsaq, onların müharibə zamanı susması qarşılığında çox böyük bazarlıq siyahısı olacaq .

Bir məsələni də unutmayaq kı, ABŞ, Fransa da Rusiya kimi münaqişənin indiki vəziyyətdə qalmasında maraqlıdırlar. Yəni, sabah münaqişə alovlanarsa, Qərbdəki erməni diaspora təşkilatları və onların pulla aldıqları ictimai-siyasi xadimlər anti-Azərbaycan bəyanatları verəcəklər”.

Mahir Ələkbərov / Redaktor.az