POLİTOLOQ: Zəngilanı və ya digər rayonları qaytarsalar... - GÜNÜN ŞƏRHİ

 10:17 04.07.2020     1904

Sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Qarabağ münaqişəsinin həlli ilə bağlı Redaktor.az-a maraqlı müsahibə verib. O, bir çox məqamlara aydınlıq gətirib.

-Tofiq müəllim, bildiyiniz kimi Ermənistan rəhbərliyi ilə Rusiya arasında soyuq münasibətlər var. Bu soyuq münasibətlər Qarabağ probleminin sülh yolu ilə həllinə təsir edə bilərmi?

- Bəli, hazırda Ermənistan rəhbərliyi ilə Rusiya arasında olan münasibətlər böhran vəziyyətinə doğru gedir. Amma açığı bunun hər hansı bir təsiri olacağına mən o qədər də inanmıram. Ermənistanda olan vəziyyət, onların qeyri-konstruktiv mövqeyi onu götərir ki, onlar torpaqları qaytarmaq istəmirlər. Ermənistan rəhbərliyi vəziyyəti elə göstərir ki, Zəngilanı və ya digər rayonları qaytarsalar, İrəvanda inqilab olacaq. Guya 20 ildir işğal etdikləri torpqlar onlara elə əziz olub ki, oradan ayrılmaq istəmirlər. Ermənilər bu mövqeyi dünyada da təbliğ edirlər. Torpaqları öz əzəli vətənləri kimi göstərməyə çalışırlar. Bütün bunlar onu göstərir ki, onlar konkret olaraq danışıqlardan qaçırlar və bunu etməklə də vaxt qazanmağa çalışırlar. Məhz bu baxımdan real danışıqların olmasına o qədər də inanmıram.

- Türkiyənin danışıqlar prosesində rolu vəziyyəti dəyişə bilərmi?

- İllərdir Türkiyə müəyyən mənada danışıqlarda öz məsləhətini verir. Hətta bir neçə il əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələni Vladimir Putinlə müzakirə etmişdi. Digər başqa formatlarda da danışıqlar olub. Hazırda da belə danışıqlar həyata keçirilir. Amma birbaşa olaraq Türkiyə Azərbaycan-Ermənistan arasında olan münaqişəyə təsir edə bilməz. 

- Bəzi ekspertlər Azərbaycanın danışıqları Ermənistanla yox, Rusiya ilə aparmasını münaqişənin həlli yolunda daha effektli olacağını və bu yolla torpaqları azad etməyin  real olduğunu bildirir. Siz bu haqda nə düşünürsünüz?

- Hesab edirəm ki, Rusiya ilə danışıqlar yox, siyasi müzakirələr aparmaq olar. Azərbaycanın Rusiya ilə danışıqlar aparması, öz suverən hüquqlarını Moskvaya həvalə etməsi anlamına gələ bilər. Bu isə düzgün olmaz. Azərbaycan dövləti digər ölkələr kimi suverən hüquqlara malikdir və torpaqları qaytarmaq üçün onun beynəlxalq əsasları var. BMT nizamnaməsinə uyğun olaraq, Azərbaycan heç bir ölkə ilə müzakirə aparmadan torpaqları azad edə bilər. Bu baxımdan Rusiya ilə danışıqlar aparılmasınn hüquqi əsasları yoxdur və bu, siyasi cəhəddən də düzgün olmaz. Fikrimcə Rusiya da bu danışıqlara razılıq verməz. Çünki razılıq verərsə, işğala görə məsuliyyət daşıdığını etmiş olar.

Amma Azərbaycan Rusiya və digər ölkələrlə sadəcə işğal məsələsinin həllinə dair müəyyən məsləhətləşmələr apara bilər.

Mahir Ələkbərov \ Redaktor.az