POLİTOLOQ: Böyük müharibənin şahidi olacağıq

 14:07 13.07.2020     2578

"Atəşkəsin məhz Tovuz istiqamətində pozulması onu göstərir ki, hücuma ilk olaraq düşmən tərəfi başlayıb. Tovuz istiqamətində Ermənistana hücum etmək, Azərbaycana heç nə vermir. Azərbaycan tərəfi hücum etmək istəsəydi, bunu Qarabağ və digər işğal altında olan istiqamətlərdə edirdi". 

Bu sözləri Redaktor.az-a politoloq Zaur Məmmədov Tovuz istiqamətində baş verən erməni təxribatını şərh edərkən deyib. O bildirib ki, Ermənistan tərəfi baş verənlərdən Azərbaycanı məsuliyyətli tutaraq, özünü dünyaya acındırmağa çalışır: 

“Biz Ermənistanın və onun dəstəkçilərinin Azərbaycana qarşı artan təzyiqinin şahidiyik. Düşünürəm ki, bütün bunlar Azərbaycanda baş verən son dəyişikliklərlə bağlıdır. Ciddi şəkildə Bakıya qarşı təzyiqlər var. 
Amma düşmən tərəfi bu gecə bir daha anladı ki, Azərbaycana qarşı atacağı hər bir xain təxribatın qarşılığını misli ilə alacaq”. 

Politoloq düşmənin bu təxribata bir müddətdir hazırlaşdığını bildirib:

“Xüsusilə diqqət etmək lazımdır ki, Tovuzda atəşkəs pozulmadan əvvəl düşmən tərəfi hərbi təlimlər keçirirdi. Bu, onu göstərir ki, Ermənistan tərəfi məqsədli şəkildə atəşkəsi pozur və sonra da dünyaya özünü hücuma məruz qalmış ölkə kimi göstərməyə çalışır”. 

Z. Məmmədovun sözlərinə görə, Ermənistan tərəfi verdiyi itkiləri gizlədərək, öz xalqını aldadır: 

“Azərbaycan Ordusu çox ustalıqla düşmənin hücumunun qarşısını aldı. Ordumuz çox ağıl və soyuqqanlı addımlarla düşmən tərəfini yerinə otuzdurdu. Düşmən tərəfində xeyli itki var. Onlar bunu gizlətməyə çalışır. Sosial şəbəkələrdə erməni istifadəçiləri itkinin çox olduğunu bildirir. Yəni, Ermənistan rəhbərliyi nə qədər gizlətməyə çalışsa da, xalq onların bu xain addımından narazıdır və bunu gizlətmirlər. Ermənilərdən fərqli olaraq, xalqımız çox böyük ruh yüksəkliyi göstərir, döyüşə hazır olduğunu, Ali Baş Komandanın əmrini gözlədiyini açıq şəkildə bəyan edir”.

 Ekspert ATƏT-in Minsk Qrupunu qərəzsiz olmağa çağırıb:

“Artıq ATƏT-in Minsk qrupu Ermənistan tərəfinin atəşkəsi pozması ilə bağlı tutarlı və qərəzsiz bəyanat verməlidir. Düşünürəm ki, ATƏT Prezident İlham Əliyevin tənqidindən nəticə çıxaracaq, hadisəyə ədaləti və düzgün münasibət bildirəcək. 

Azərbaycan tərəfi tələb edir ki, beynəlxalq hüququ pozan, işğalçılıq siyasətini həyata keirən Ermənistana Minsk Qrupu tutarlı cavab versin. Əks halda bu təxribatlar daha da genişlənəcək və Cənubi Qafqazda böyük müharibənin şahidi olacağıq”. 

Mahir Xəttab / Redaktor.az