Rusiya atəşi dərhal dayandırmağa çağırıb

 19:24 13.07.2020     2226

Bu gün Rusiya Xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti hər iki ölkədən olan həmkarları - Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla telefonla müzakirə edib və münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırıb.

Redaktor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu barədəki açıqlamasında aşağıdakıları bildirib:

“Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Sergey Lavrov tərəfləri qəbul etdikləri öhdəlikləri, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrləri olan Rusiya, ABŞ və Fransa nümayəndələrinin, ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi köməkçisinin təkliflərini nəzərə almaqla atəşi dərhal dayandırmağa, təmkinli olmağa çağırıb”.

Rusiyalı nazir həmçinin Bakı və İrəvanla təmasları çərçivəsində, istər ölkə olaraq, istərsə də, ATƏT-in Minsk Qrupu həmsədri qismində vasitəçilik missiyasına bundan sonra da davam edəcəklərini vurğulayıb.