Qənirə Paşayevə: Bunlar hamsı yalan məlumatlardır və...

 15:54 16.07.2020     1066

"Tovuzda baş verən hadisələr işğalçı Ermənistanın iç üzünü dünyaya göstərən mənzərədir".

Redaktor.az xəbər verir ki, bu sözləri hazırda Tovuzda olan millət vəkili Qənirə Paşayeva deyib.

“Tovuzun Əlibəyli, Dondar Quşçu kəndinin sakinlərinin evləri dağıdılır, onların özləri hədəfə alınır. Evləri dağıdılan kənd sakinləri səhər saatlarından quru torpağın üzərində oturublar. Çünki onların evləri ermənilər tərəfindən dağıdılıb. Demək ki, işğalçı Ermənistan məqsədli şəkildə mülki insanları hədəfə alıb, onlara ziyan vurur”.

Millət vəkili ATƏT-in Minsk Qurupuna və digər Beynəlxalq təşkilatlara səslənib:

“Beynəlxalq təşkilatların, ATƏT-in Minsk Qrupunun ofisi Bakıda yerləşir. Mən onlara səslənirəm, Siz Bakıda neynirsiniz? Gəlin bura, görün mülkü vətəndaşlara qarşı işğalçı Ermənistan hansı vandalizm aktlarını törədir. Niyə Ermənistana təzyiq etmirsiniz? Hər gün boş sözlərlə insan haqlarından danışırsınız, burada evləri dağıdılan insanların haqqı yoxdur? Onların evləri dağıdılır, üzərlərinə bombalar yağdırılır. Hanı sizin bəyanatlarınız? Niyə işğalçının mülkü vətəndaşlara qarşı törətdiyi hadisələri pisləyən qətnamələriniz yoxdur? Mən həm Tovuzun bir qızı kimi, həm də bir millət vəkili olaraq onlara çağrış edib demək istəyirəm ki, sizin bizim gözümüzdə artıq bir dəyəriniz yoxdur. Çünki bu anda işğalçının təxribatlarına gərəkən sərt reaksiyanı göstərib, onlara təzyiq etmirsinizsə, demək siz heç bir iş görmürsünüz”, - deyə Q. Paşayeva bildirib.

Millət vəkili sakinlərin kəndləri boşaltması ilə bağlı yayılan xəbərlər haqında da danışıb:

“Kimlərsə deyir ki, insanlar Tovuzu boşaldır. Bunlar hamsı yalan məlumatlardır. Biz hamımız burdayıq. Bir nəfər kənd sakini belə kəndi tərk etməyib. Burdakı hər kəs dövlətə və orduya inanır.

İşğalçı Ermənistan təxribat törədib, əsgərlərimizi, kəndlərimizi, mülkü insanlarımızı nə qədər atəşə tutsalar da biz burdan çıxmayacağıq və onlara ən ağır şəkildə cavab verilib, verilir və bundan sonra da veriləcək”.

Mahir Xəttab / Redaktor.az