"Ermənilərin bizdən istədikləri demokratiya deyil, torpaqdır" - MİLLƏT VƏKİLİ

 18:21 28.07.2020     22691

"Ermənilərin xaricdəki etirazçılarımıza hücumları, toplaşmaq azadlıqlarından yararlanan dinc soydaşlarımızı döymələri, özü də bunu demokratik ölkələrdə etmələri, "ermənilər demokratik olmayan Azərbaycanda yaşamaq istəmirlər", "öz soydaşlarının haqlarını pozan hökumət erməniləri necə qoruya biləcək" sayağı arqumentlərin nə dərəcədə yersiz və boş olduğunu aydın göstərdi".

Redaktor.az xəbər verir ki, bu sözləri millət vəkili Erkin Qədirli deyib. O bildirib ki, xaricdə baş verənlər məhz ermənilərin sülhə hazır olmadıqlarını, bunu istəmədiklərini göstərdi:

“Əslində, anlayanlar üçün bu arqumentlər heç zaman tutarlı olmayıb. Onlara sadəlövhcəsinə inananlar var deyə yazdım. Ermənilərin bizdən istədikləri demokratiya deyil, torpaqdır. Başlanğıcdan belə olub. Demokratiya önəmlidir, onu qurmalıyıq. Bu, öz yerində. Amma demokratiya ilə Qarabağın qaytarılması arasında bağlantı qurmamalıyıq. Bunlar iki və ayrı strateji məqsədlərdir.

Xaricdə baş verənlər məhz ermənilərin sülhə hazır olmadıqlarını, bunu istəmədiklərini göstərdi. Bu, yaxşı oldu. Bundan sonra xaricdəki çevrələrə bunu anlatmaq asanlaşacaq. Dahası da var. Biz münaqişənin ərazi münaqişəsi olduğunu deyirdik, düz də edirdik. Ermənilər isə göstərdilər ki, onlar üçün bu, etnik münaqişədir. Bu da yaxşı oldu. Xaricdəkilərə mövqeyimizi anlatmaq üçün əlimizə əlavə arqumentlər keçdi. İşləmək lazımdır. Təmkinlə! Yaxşı işlər yavaş görülür”.

Mahir Xəttab / Redaktor.az