Ermənistan nümayəndəliyi qarşısında aksiya keçirildi - FOTO

 09:19 25.07.2020     616

İyulun 24-də Nyu-York şəhərində, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərargahı və Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin qarşısında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı izdihamlı etiraz aksiyası keçirilib.

Redaktor.az-ın məlumatına görə, Nyu-York Azərbaycanlıları Assosiasiyası tərəfindən təşkil edilmiş aksiyada Azərbaycan, türk diaspor təşkilatlarının nümayəndələri, ABŞ-ın müxtəlif şəhər və ştatlarında, xüsusilə Nyu-York, Nyu-Jersi və Vaşinqtonda yaşayan Azərbaycan icmasının fəal üzvləri iştirak ediblər.

Əllərində Azərbaycan həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən yüzlərlə həmvətənimizin toplandığı qərargah binasının önündə BMT-dən Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edilib.

Aksiya iştirakçıları bir neçə gün öncə Los-Ancelesdə Azərbaycanın diaspor fəallarına qarşı erməni daşnaklarının törətdiyi vandalizm və təcavüz aktlarının aidiyyətı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb ediblər. Etiraz iştirakçıları “Ermənistan uşaq qatili”, “Ermənistan şiddəti dayandır”, “Qarabağ Azərbaycanındır”, “Terrorçu Ermənistan” şüarları səsləndirib. Ermənistan ordusunun cəbhənin Tovuzda istiqamətində həyata keçirdiyi təxribatlar zamanı həlak olmuş şəhidlərimizin şəkillərinin nümayiş etdirildiyi aksiyada Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulması tələb edilib.

Əraziyə polis əməkdaşları cəlb olunub. Ermənilər həmvətənlərimiz qarşısında səssizlik nümayiş etdiriblər. İnsidentsiz başa çatan aksiyanın sonunda Azərbaycanın dövlət himni oxunub. Üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində ABŞ-ın Nyu-York şəhərinin mərkəzi küçələrini, meydanları habelə Nyu Cersi ştatının ermənilərin çoxluq təşkil etdiyi məhəllələrini dolaşaraq, sakinləri Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlandırıblar. //Trend.az

1

1

1

1