MİLLƏT VƏKİLİ: Düşmən daim qorxu içərisində yaşayacaq

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək birgə genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
İki ölkə arasında birgə keçirilən təlimləri Redaktor.az-a şərh edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu təlimlər Azərbaycan və Türkiyə arasında əlaqələrin hərbi sahədə dərinləşməsinin göstəricisidir:
“Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb, yəni, bu əlaqələrin artıq 28 ili tamam olur.
Təlimlərin keçirilməsində əsas məqsəd hər iki ölkənin müvafiq qoşun növləri şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatlarda iştirak etmək bacarığını yüksəltmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər həm iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasına, həm də bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”.
Millət vəkili Ermənistanın bu təlimlərdən narahat olması ilə bağlı məsələyə də münasibət bildirib:
“Keçirilən təlimlər Ermənistanda çox böyük narahatlıq yaradıb. Əslində onların narahat olması normaldır. Çünki nə qədər ki, Ermənistan qonşu dövlətlərə, xüsusən də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməyib, onlar daim narahatlıq və qorxu ilə yaşayacaq.
Türkiyə və Azərbaycan arasında belə təlimlərin keçirilməsi Ermənistanın arxasında duran bir sıra beynəlxalq dairələri də narahat edir. Onlar Azərbaycan və Türkiyənin öz suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü müdaifə etmək qüdrətində olduğunu görürlər. Bu da onları qıcıqlandırır”.
Mahir Xəttab / Redaktor.az