"TƏBİB, Operativ Qərərgah bizi "xoxan"la qorxudur" - Millət vəkili

 14:09 05.08.2020     14555

“Hesablama etmişəm ki, ölkədə 190 manatı almağa ehtiyacı olan düz 3 milyondan çox əhali var. Yanlış sərt karantin rejimi ölkəni məhv edir. 100 nəfər işçisi olan müəssisədə 20 nəfər işləyir.

Guya hesablama aparılır ki, iş adamları heç kimi ixtisar etməyib. İş adamları özləri müflis olub. "Büdcə dəyişikliyi sahibkarları da nəzərə alıb" deməklə iş bitmir. Sərt karantin rejimini əsaslandıranlar xalqın ehtiyacını ödəsin. TƏBİB, o cümlədən, Operativ Qərargahın bəzi nümayəndələri bizi “xoxan”la qorxudur”.

Redktor.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Razi Nurullayev deyib. 

O bildirib ki, ABŞ sərt karantin tətbiq etmir, Almaniyada, Fransada yumşalmalara gedilib, Finlandiya adi həyatını yaşayır: 

“TƏBİB isə deyir ki, hələ daha pis olacaq, acından ölməyənlər də payızda öləcək. Bu nə təfəkkür, bu nə ritorikadır? Camaatı axmaq yerinə qoyublar?”, - deyə R.Nurullayev əlavə edib. 

Deputat söyləyib ki, Operativ Qərargah və TƏBİB-i dinləyəndə Kventin Tarantinonun qorxu filmlərinə şükür edir. 

“Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz. Ayıbdır, vallah. Büdcə dəyişikliyi birbaşa hər bir vətəndaşın sosial həyatında görünməlidir və o hiss etməlidir ki, nəsə aldı, nəsə yedi, nəsə içdi. Yoxsa hər nazirlik, hər komitə, hər idarə göz yaşı töküb bir layihə verir ki, pul ver", - deyə R.Nurullayev əlavə edib.