XİN rəhbərinin Rusiya səfəri: Nələr müzakirə ediləcək? - VƏZİYYƏT DƏYİŞİR...

 16:22 25.08.2020     1561

Sabah Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyaya rəsmi səfər edəcək.  

Səfərlə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli XİN rəhbərinin Rusiya səfərinin əhatəli olacağını bildirib:

“Hesab edirəm ki, Ceyhun Bayramovun Rusiya səfəri çox əhatəli bir səfər olacaqdır. Səfərin əsas müzakirə mövzusu şübhəsiz ki, Tovuz döyüşlərindən sonra Rusiyanın Ermənistana silah-sursat verməsi məsələsi olacaq. Təsadüfi deyil ki, dövlət başçımız Rusiya prezidenti ilə telefon danışığında Azərbaycanın mövqeyini qarşı tərəfə qəti şəkildə çatdırdı.  Bu baxımdan fikrimcə, yeni təyin olunan nazirin Moskva səfəri zamanı bütün bu məsələlər - Ermənistanın silahla təmin olunması, strateji partnyorluq müansibətlərinin mümkün inkişafı, Rusiyanın Minsk Qrupunun həmsədri kimi bu istiqamətdə nələr etməsi kimi məsələlər müzakirə ediləcək. Çünki bunlar bizi narahat edən məsələlərdir”.

Q. Hüseynli son zamanlar Azərbaycanla Rusiya arasında soyuq rüzgarların əsməsi məsələsinə də toxunub:

“Rusiyanın Azərbaycana qarşı qonşuluq münasibətlərinə yaraşmayacaq addımlar atması ilə bağlı fikirlər səsləndirirlir. Təbii ki, bu hallar da istər-istəməz strateji tərəfdaşlıq telləri ilə birləşmiş iki ölkə arasında müəyyən problemlər, soyuqluq yaradır. Məhz bu soyuqluğu aradan qaldırmaq, bəzi məsələlərə aydınlıq gətirmək üçüb bu səfər mühümdür. Düzünü desəm, görüşdə bütün məsələlərə aydınlıq gətiriləcəyini düşünmürəm, amma hər halda əvvəlcədən dəqiq nəsə demək olmaz”.

Mahir Xəttab \ Redaktor.az