Sergey Şoyqu niyə gəlmişdi? - Bakıda vacib müzakirə...

“Rusiya Müdafiə naziri Sergey Şoyqunun Bakıya gəlişinin arxasında bir sıra məqamlar var. O, adi təlimlərə görə Rusiyadan Azərbaycana səfər etməz”.
Bu sözləri Redaktor.az-a hərbi ekspert Üzeyir Cəfərov deyib. O qeyd edib ki, Türkiyənin Tovuz hadisələrində Azərbayacana bir mənalı hərbi-siyasi dəstəyi, daha sonra hərbi təlimlərin keçirilməsi Rusiyanı çox narahat edir:
"Prezident İlham Əliyevin keçirdiyi görüşlərin birində Türkiyə Azərbaycanın bir nömrəli mütəfiqinə çevriləcək deməsi də Rusiyada böyük narahatlıq yaradıb.
Prezidentin bu sözləri o deməkdir ki, Azərbaycan bundan sonra silah-sursat, siyasi, iqtisadi və digər məsələlərdə Türkiyəyə daha çox üstünlük verəcək. Bu baxımdan hesab edirəm ki, S. Şoyqunun Bakı səfərinin arxasında sadaladığım məsələlər dayanır”, - deyə ekspert bildirib.
Ü. Cəfərov Azərbaycan Prezidenti İlham Əliyevin S. Şoyqu ilə görüşündən də danışıb:
“Düşünürəm ki, S. Şoyqunun səfəri Azərbaycanın mövqeyini dəyişməyəcək. Çünki ölkə başçısı mövqeyində dəqiq və qətiyyətlidir. Rusiya bu günə qədər Dağlıq Qarabağ münaqişəsində problemin həlli ilə deyil, daha da uzadılması ilə məşğul olub. Bu, Azərbaycanın maraqlarına cavab vermir. Ölkəmiz qəti şəkildə ən qısa müddətdə problemin həll olunmasını, işğal altında olan torpaqların azad olunmasını tələb edir”.
Mahir Xəttab \ Redaktor.az