Ramiz Mehdiyev daha bir SƏHV etdi - AMEA-nın saytı, yoxsa...?!

 14:32 26.08.2020     11343

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyev karantin qaydalarını pozaraq nəvəsinə toy keçirməsi günlərdir müzakirə mövzusuna çevrilib.  

Bir sıra millət vəkilləri, jurnalistlər, politoloqlar Ramiz Mehdiyevin karantin qaydalarını pozaraq toy etməsini tənqid edir, bunu dövlətin qanunlarına qarşı hörmətsizlik kimi qiymətləndirirlər.

Bütün bu tənqidlərə R. Mehdiyev rəhbəri olduğu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəsmi saytında cavab verib. Hətta o, onu tənqid edən şəxslərin bir-bir adlarını qeyd edərək, onları məhkəməyə verəcəyini bildirib.

Bəs, AMEA kimi vacib qurumun rəsmi saytında bu formada açıqlamaların verilməsi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən APA İnformasiya Agentliyinin rəhbəri Vüsalə Mahirqızı bu hallın bir ilk olduğunu bildirib:

“İndiyə qədər qarşılaşmadığımız haldır. AMEA-nın rəsmi saytında elmi yenilik, Akademiyaya dair xəbər və məlumatlar yayılmalıdır. Ora AMEA prezidentinin şəxsi haqq-hesabını həll edəcəyi müstəvi olmamalıdır”.

“Yeni Çağ” saytının rəhbəri Aqil Ələsgər bu halın yolverilməz olduğunu bildirib:

“Ramiz Mehdiyev AMEA-nın rəsmi saytının “Elanlar” bölümünü öz açıqlamaları ilə doldurmayana qədər mütləq əksəriyyət Elmlər Akademiyasının saytının olub-olmamasından xəbərsiz idi. Bu gün Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytından şəxsi məqsədləri üçün istifadə etməsi yolverilməzdir".

Media eksperti Qulu Məhərrəmli Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytında şəxsinə yönəlmiş ittihamlara cavab verməsini normal hesab edir:

“R. Mehdiyevin Akademiyanın saytında açıqlama verməsi, kimlərisə ittiham etməsi, mahiyyət etibari ilə qanuna zidd deyil. Çünki o, AMEA-nın prezidentidir və özü ilə bağlı hər hansısa açıqlamanı akademiyanın rəsmi saytında dərc edə bilər. Lakin əgər o, gələcəkdə də saytı özünün piyarına, hücum platformasına çevirsə, bu, etikaya və saytın mahiyyətinə uyğun olmaz. Həm də R. Mehdiyev başa düşməlidir ki, akedemiyanın rəsmi saytının şəxsi məqsədləri üçün istifadə edə bilməz. Hesab edirəm ki, R. Mehdiyev bir ictimai şəxs kimi bunu nəzərə almalıdır. Çünki o, təkcə özünü yox, AMEA-nın da imicini düşünməlidir”.

Mahir Xəttab \ Redaktor.az