"Qanunlara ciddi əməl etmək hər birimizin borcudur" - MİLLƏT VƏKİLİ

 13:40 28.08.2020     1647

"Ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası qeydə alındığı ilk gündən etibarən Azərbaycanda da xəstəliyin qarşısının alınması istiqamətində dünya ölkələri ilə bərabər, aylardır ciddi addımlar atılır. Qlobal pandemiya ilə mübarizədə  Prezident İlham Əliyevin rəhbərliyi ilə lazımi qabaqlayıcı kompleks tədbirlər görüldü. Ökənin bütün resursları vətəndaşların sağlamlığının qorunmasına səfərbər edildi. Artıq yarım ilə yaxındır ki, möhtərəm prezıdentimiz İlham Əliyev cənablarının rəhbərliyi və ciddi nəzarəti altında  əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə koronavirus pandemiyası ilə mübarizə kəskin şəkildə davam edir, Bu məsələyə kifayət qədər yüksək həssaslıqla yanaşılır. Bir neçə aydır kl, ölkəmizdə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub, müvafiq dövlət qurumları Nazirlər Kabinetinin pandemiya ilə mübarizə məqsədilə təsdiqlədiyi Tədbirlər Planının icrasına səfərbər olunublar".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib. O qeyd edib ki, görülən   qabaqlayıcı tədbirlər və tətbiq olunan qadağalar öz müsbət nəticəsini verib və verməkdədir: 

 "Vaxtında və yüksək səviyyədə həyata keçirilən tədbirlər nəticəsində ölkəmiz bu qorxulu, müdhiş  və  son dərəcə çətin vəziyyətdən az itkilərlə çıxdı və koronavirusa qarşı mübarızədə yüksək məticələr əldə etdi.  Bu sahədə ölkəmizin təcrübəsi dünyada nümunə kimi göstərildi. Azərbaycan dünyada COVID-19 pandemiyası ilə ən uğurlu mübarizə aparan ölkələrdən biri kimi tanındı. Hazırda respublikamız pandemiyadan ən az zərər çəkən dövlətlər sırasındadır.. Qisa müddətdə modul tipli yeni xəstəxanaların tikilib istifadəyə verilməsi, onların ən müasir tibbi avadanlıqlarla və xüsusi hazırlıq keçmlş ixtisaslı tibbi personallarla təmin olunması buna canlı nümunədir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan karantin rejimi tətbiq olundu. Pandemiya şəraitində xüsusi davranış qaydalarını müəyyən edən tələblər və qaydalar qoyuldu. Ölkə rəhbərinin bu məsələyə vaxtında çevik reaksiya göstərərək təxirəsalınmaz tədbirlər görməsi ilə gizli və gözəgörünməz düşmənlə mübarizədə uğurlara imza atıldı.

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusa yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq avqustun 10-dan yumşaldıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edib. Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu səbəbdən də bu günədək daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy və yas mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib.

Kimliyindən  və tutduğu vəzifəsindən və sosial mövqeyindən asılı olmayaraq hər bir kəs qanun qarşısında bərabərdir. Bu baxımdan yüksək rütbəli məmurlar, vəzifə sahibləri  qanunvericiliyin tələblərinə və karantin qaydalarına ciddi nəzarət və əməi etməlidirlər. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onun tələblərinə hörmətsiz yanaşa bilməz. Əgər onlar qəbul edilmiş qanunları pozarlarsa, hüquq-mühafizə orqanları onlara qarşı mütləq ölçü götürməlidirlər.

Məlum olduğu kimi, ötən həftə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən toy mərasimi təşkil edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev cəzalandırılıblar, tədbirdə iştirak edənlərin bir çoxu isə cərimə olunub. Onların bu qanunsuz hərəkətləri cəmiyyətin haqlı qınağına, narazılığına və etirazına səbəb olub. .

Bu hadisə bir daha onu göstərdi ki, ölkədə qanunun aliliyinin qarantı Prezident İlham Əliyevdir, heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və onların tələblərinə hörmətsiz yanaşa bilməz. Hər bir şəxs başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq.

Çünki koronavirusla mübarizə ümummilli məsələdir, heç kim tutduğu vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər yetirə bilməz. Yüksək və məsul vəzifə daşıyan şəxslər baş verən qanunsuzluqlara görə mənəvi məsuliyyət daşıyırlar.

Qanunlara ciddi əməl etmək hər bir şəxsin mənəvi borcu və vətəndaşlıq vəzifəsi olmalıdır. Hər kəs başa düşməlidir ki, bu cür əməllərə yol verənlər mütləq şəkildə məsuliyyətə cəlb edilir və mövcud qanun çərçivəsində onların barəsində cəza tədbirləri görülür.

İnanıram ki. ölkəmizin hər bir vətəndaşı tutduğu vəzifəsindən və sosial mövqeyindən asılı olmayaraq bu qlobal bəlaya qarşı mübarızədə bütün güclərini tam səfərbər edəcək, cəmiyyətimizin tez bir zamanda əvvəlki normal həyat fəaliyyətinə qayıtmasına, ölkəmizin siyasi və iqtisadi qüdrətinin daha sürətlə artirılmasna öz  layiqli töhfələrini verəcəklər".