POLİTOLOQ: Bölgədə böyük müharibə başlaya bilər - Azərbaycan hazırdır və...

“Paşinyanın Dağlıq Qarabağa getməsi, orada generallarla görüşü sübut edir ki, düşmən müharibəyə hazırlıq görür".
Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. O, Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa səfəri ilə bağlı qeyd edib ki, düşmən Baş nazirin budəfəki səfəri hərbi məsələlərə həsr olunub:
“N. Paşinyanın hakimiyyətə gələndən sonra Dağlıq Qarabağa tez-tez səfərlər etdiyini görürük. Onun xüsusilə generallarla görüşü bir daha sübut edir ki, Ermənistan tərəfindən ciddi şəkildə müharibə hazırlığı aparılır. Ermənistanın bu ağılsızlığı bölgədə böyük müharibənin başlamasına gətirib çıxaracaq. Təbii ki, sonda qalib gələn tərəf Azərbaycan olacaq. Heç kimin şübhəsi olmasın ki, bu gün ordumuz Cənubi Qafqazın ən güclü ordusudur. Bu gün ordumuz istənilən hərbi əməliyyatlara hazırdır”.
Politoloq əlavə edib ki, Ermənistan hökuməti və N. Paşinyan təşviş içindədir:
“Ermənistan tərəfi yaxşı başa düşür ki, Azərbaycan gec-tez öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacaq. Məhz bu qorxu erməniləri, xüsusilə N. Paşinyanı ciddi narahat edir. Onun işğal altında olan torpaqlara tez-tez səfər etməsinin digər səbəbi də məhz budur. Bütün hallarda N. Paşinyanın etdikləri diplomatik danışıqlara ziddir. Baş verənlər sülh prosesini alt-üst edir. N. Paşinyan özünü demokratik və liberal göstərəmə çalışsa da, etdiyi hərəkətlər onun işğalçılıq siyasəti apardığını ortaya qoyur. Mütləq şəkildə onun bu qanunsuz əməllərinin cavabı veriləcək”.
Mahir Xəttab \ Redaktor.az